Xəzər Xəbər

Güclü yağış selə səbəb oldu - Yollar dağılıb, ev heyvanları və quşlar tələf olub - VİDEO

Veb TV | 19:32 • 21 May 2019
Güclü yağış selə səbəb oldu -

Ötən gecə şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb. Leysan yağışdan sonra Şəkidə rayon mərkəzində asfalt örtüyü dağılıb, yolda böyük yarğanlar əmələ gəlib. Zaqatalada isə evə ildırım düşüb və yanğın olub.

Güclü yağış selə səbəb olub. Yaranan sel həyətlərə dolub.

Şəki rayonunun Vərəzət kəndində yağan yağış nəticəsində 10 fərdi yaşayış evini su basıb. Yollar dağılıb, ev heyvanları və quşlar tələf olub.

Vərəzət kənd sakini Xalidə Həbilovaya məxsus 11 xırdabuynuzlu heyvan tövlədə boğulub.

Bundan başqa, 50 cücə də tələf olub. Həyətin 15 metr uzunluğunda beton divarı uçub.

Axşam saatlarında yağan şiddətli leysan Şəki şəhərində də xeyli fəsadlar törədib. Sel suları Məhəmməd Əmin Rəsulzadə və Mirzə Fətəli Axundov prospeklərində, həmçinin 20 yanvar, Salman Mümtaz, Nəriman Nərimanov və digər küçələrdə asfalt örtüyünü dağıdıb, iri yarğanlar yaradıb. Bəzi küçələrdə selin gətirdiyi qum, çınqıl və gil təbəqəsi avtomobillərin hərəkətini çətinləşdirib. Səhər saatlarından başlayaraq Şəki Şəhər Kommunal Təsərrüfat İdarəsinin texnikaları və canlı qüvvəsi fəsadların aradan qaldırılması üçün gücləndirilmiş iş rejimində çalışıb.

Axşam saatlarından başlayan qeyri-sabit hava şəraitindən sonra Zaqatalanın Dardoqqaz kəndində bir evi ildırım vurub. Hadisə gecə saat bir radələrində baş verib. Kənd sakini Qurban Mehdiyevə məxsus, ümumi sahəsi 154 kv.m olan evə düşən ildırım yanğına səbəb olub.

Təbiət hadisəsi evin dam örtüyünü, elektrik təhcizatını sıradan çıxarmaqla yanaşı, evdəki avadanlıqlara da ziyan vurub. Hadisə yerinə cəlb edilən Zaqatala rayon dövlət yanğından mühafizə hissəsinin əməkdaşları və kənd sakinlərinin köməkliyi ilə yanğın dərhal söndürülüb. Evdə xəsarət alan olmayıb.

Xəbər lenti