Xəzər Xəbər

Azərbaycanda İmmunlaşdırma həftəsi keçirilir

Cəmiyyət | 12:07 • 24 Aprel 2019
Azərbaycanda İmmunlaşdırma həftəsi keçirilir

Aprelin 24-dən 30-dək Azərbaycanda immunlaşdırma həftəsi keçirilir.


Xezerxeber.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Dünya Səhiyyə Təşkilatının (DST) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə mətbuat konfransı keçirilib.


DST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmanci tədbirdə çıxış edib. O qeyd edib ki, immunlaşdırma səhiyyə sahəsində ən uğurlu və iqtisadi cəhətdən səmərəli tədbirlərdən biridir. Vurğulanıb ki, hər il həyata keçirilən immunlaşdırma tədbirləri sayəsində dünyada milyonlarla uşaq ciddi xəstəliklərdən və ölümdən xilas edilir.


Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini, Səhiyyə Nazirliyinin İmmunlaşdırma Proqramının əlaqələndiricisi Afaq Əliyeva bildirib ki, səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə İmmunlaşdırma həftəsi keçirilməsi haqqında əmr imzalayıb. Həmin əmrə əsasən, ölkəmizin bütün şəhər və rayonlarında tibb müəssisələrinin və Səhiyyə Nazirliyinin idarələrinin rəhbərlərinə aprelin 24-dən 30-dək İmmunlaşdırma həftəsinin təşkil edilməsi barədə tapşırıqlar verilib. İmmunlaşdırma həftəsi dövründə Milli Peyvəndlər (planlaşdırılan immunlaşdırma) Təqvimi əsasında Azərbaycanın bütün tibb müəssisələrində təmizləyici immunlaşdırma tədbirləri görüləcək, hər hansı səbəblər üzündən vaksinləşdirmə kursunu tam qəbul etməmiş və ya ümumiyyətlə peyvənd edilməmiş uşaqların vaksinləşdirilməsi həyata keçiriləcək.


Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, böyüməkdə olan nəslin sağlamlığının qorunması, yoluxucu xəstəliklərə qarşı mübarizə məsələləri dövlətimizin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən başlayaraq Avropa regionunda keçirilən İmmunlaşdırma həftəsi dünya əhalisinin zəruri və qiymətcə münasib olan vaksinlərlə təmin edilməsinə yönəlmiş qlobal kampaniyadır. 2007-ci ildən Azərbaycan da bu kampaniyaya qoşulub.


Afaq Əliyeva qeyd edib ki, son illərdə yoluxucu ölkəmizdə xəstəliklərin profilaktikası və onlara qarşı mübarizə üzrə həyata keçirilən genişmiqyaslı və səmərəli tədbirlər nəticəsində Azərbaycanda davamlı epidemioloji sabitlik təmin edilib. Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da 11 yoluxucu xəstəliyə (qızılca, məxmərək, parotit, difteriya, göyöskürək, tetanus və s.) qarşı vaksinləşdirmə keçirilir, ölkədəki bütün uşaqları əhatə edən planlaşdırılmış peyvənd tədbirləri tətbiq olunur. A.Əliyeva deyib: "Son illərdə B hepatitinə və pnevmokoka qarşı vaksinləşdirmə də həyata keçirilir. Ölkədə plan üzrə həyaya keçirilən peyvəndlər uşaqların 95-97 faizini əhatə edir, immunlaşdırma tədbirləri daim təkmilləşdirilir. Bunun nəticəsində immunoprofikatika vasitəsilə idarə olunan yoluxucu xəstəliklərin azaldılması sahəsində sabit dinamika əldə edilib. 1995-ci ildən sonra ölkəmizdə poliomielit xəstəliyinə tutulma halları müşahidə olunmur, 2002-ci ildə isə DST Azərbaycana polimelitdən azad region kimi sertifikat verib. Bundan əlavə, 2016-cı ilin aprelindən etibarən Azərbaycanın bütün şəhər və rayonlarında üçvalentli OPV vaksinindən istifadə edilməsi dayandırılıb və bunun əvəzinə ikivalentli OPV vaksini tətbiq edilməyə başlanıb”.


Mətbuat konfransında səhiyyə və ədliyyə nazirliklərinin, DST-nin Azərbaycandakı ofisinin, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, Analitik Ekspertiza Mərkəzinin, Dövlət İcbari Tibbi Sığorta Agentliyinin, Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Səhiyyə Proqramları üzrə Ölkə Əlaqələndirmə Komissiyasının, habelə BMT-nin müvafiq agentliklərinin nümayəndələri iştirak ediblər.

Xəbər lenti