Xəzər Xəbər

Yeni iqtisadi model sosialyönümlüdür - VİDEO

Veb TV | 19:38 • 15 Aprel 2019
Yeni iqtisadi model sosialyönümlüdür -

Azərbaycanda həyata keçirilməyə başlanılan yeni iqtisadi model sosialyönümlüdür və vətəndaşların rifahının daha da yüksəldilməsinə yönəlib.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə iqtisadçı millət vəkili Tahir Mirkişili deyib.

O hesab edir ki, iqtisadi sahədə aparılan islahatlar mahiyyətcə sosialyönümlü bazar iqtisadiyyatı sisteminin tətbiqidir. İslahatların müsbət nəticələri isə göz qabağındadır.

Tahir Mirkişili bildirib ki, aparılan iqtisadi islahatlar alternativ artım mənbələrinin yaradılmasına şərait yaradıb. Son iki ayda dövlət büdcəsinə 200 milyon manat əlavə gəlirin daxil olması da bunu göstərir.

Millət vəkili deyib ki, yeni iqtisadi model müasir dünyada ən ideal sistemlərdən hesab edilir. Çünki bu cür iqtisadi model daxili imkanları genişləndirməklə paralel xarici müdaxilələri də minimuma endirməyi hədəfləyir.

Tahir Mirkişili bildirib ki, yeni iqtisadi modeldə özəl sektorun inkişafı xüsusi diqqət mərkəzindədir. Burada sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, habelə özəl sektora davamlı dövlət dəstəyinin göstərilməsi əsas prinsiplərdəndir.

Onun fikrincə, bütün sahələrdəki islahatlarla paralel aparıldığı üçün bu model uğurlu olacaq. Hüquqi islahatların aparılması, burada sahibkarlıq subyektlərinin mənafeyinin nəzərə alınması, vergi və gömrük sahəsində aparılan islahatlar da məhz buna xidmət edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti