Xəzər Xəbər

Polis 25 kiloqramdan artıq narkotik aşkarladı

Hadisə | 12:33 • 12 Yanvar 2019
Polis 25 kiloqramdan artıq narkotik aşkarladı

Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-də 25 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb.


Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yadigar Novruzovdan 16,1 kiloqram marixuana götürülüb.


Keçirilmiş əməliyyat tədbirləri ilə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Saray qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rafael Babayevin evindən 7 kiloqram 23,5 qram tiryək, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Əhmədovdan isə 1 kiloqram 15,2 qram həşiş aşkarlanıb.


Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları isə rayon sakinləri Valeh Alışovda 620 qram, Əlizamin Məmişovda 405 qram marixuana müəyyən ediblər.


Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları Qubalıbaloğlan kənd sakini İsmət İsmayılovdan 1, 427 qram heroin və 480 qram marixuana götürüblər.


Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.


Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti