Xəzər Xəbər

Makedoniya parlamenti bu ölkənin yeni adını təsdiq edib

Dünya | 13:25 • 12 Yanvar 2019
Makedoniya parlamenti bu ölkənin yeni adını təsdiq edib

Makedoniya parlamenti ölkənin Şimali Makedoniya Respublikası adlanmasına dair Konstitusiya dəyişikliyini təsdiq edib.


Xezerxeber.az xəbər verir ki, 120 deputatdan ibarət olan Makedoniya parlamentinin iclasında qanun layihəsinin əleyhinə çıxış edən Makedoniya Milli Demokratik Birliyinin təmsilçiləri səsvermədə iştirak etməyiblər. Plenar iclasda iştirak edən deputatların 81-i Konstitusiya dəyişikliyinin lehinə səs veriblər. Sözügedən qanun layihəsi ötən ilin iyununda Yunanıstanla Makedoniya arasında imzalanmış Prespa Sazişindən sonra hazırlanıb.


Konstitusiya dəyişikliyi ölkə Prezidenti Gyorge İvanovun imzalamasından sonra qüvvəyə minəcək. Makedoniya parlamentinin sədri Tələt Cəfəri bəyan edib ki, onun ölkəsi Afina ilə razılaşmanın şərtlərini tamamilə yerinə yetirib.


Yunanıstanın Baş naziri Aleksis Çipras isə bildirib ki, bu məsələ yanvarın sonunda yunan parlamentinin müzakirəsinə çıxarılacaq.


Xatırladaq ki, Makedoniyanın adı Yunanıstanın tələbi ilə dəyişdirilib. Belə ki, eyniadlı əyalət Yunanıstanda da var. Türkiyə, NATO və Avropa İttifaqı Makedoniyanın bu addımını dəstəklədiklərini bəyan ediblər.

Xəbər lenti