Xəzər Xəbər

Azərbaycan parlamenti Rusiya Dövlət Dumasına müraciət etdi - Zatulinin hərəkəti ilə bağlı - VİDEO

Veb TV | 20:43 • 7 Dekabr 2018
Azərbaycan parlamenti Rusiya Dövlət Dumasına müraciət etdi -

Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Konstantin Zatulinin Ermənistanda Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər Rusiya ilə rəsmi Bakının arasında inamsızlıq mühiti yaratmağa xidmət edir.

Xezerxeber.az-ın məlumatına görə, bu fikirlər Milli Məclisin bu gün keçirilən plenar iclasının cari məsələlərin müzakirəsi zamanı səsləndirilib.

Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, "Lazerev klubu"nu Konstantin Zatulin erməni lobbisinin təsiri ilə yaradıb. O, bunu ermənilərin son zamanlar rusiyalı deputatların, ekspertlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv mövqelərinə cavab cəhdi adlandırıb.

Milli Məclisin spikeri Oqtay Əsədov isə Konstantin Zatulinin qeyri-qanuni hərəkətləri ilə bağlı Rusiya Dövlət Dumasına müraciət ünvanladıqlarını bildirib.

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, Rusiyada milyonlar qazanan sahibkarlar Azərbaycan dövlətinin bu ölkədəki siyasətinə lazımınca dəstək olmurlar və buna görə Rusiyanın ictimai-siyasi həyatına təsir imkanları azalır.

Millət vəkili Cavid Qurbanov isə bildirib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədədir. Konstantin Zatulin kimi şəxslərin fəaliyyəti bu münasibətləri heç vaxt poza bilməz.

Cari məsələlərin ardından iclasda bir sıra qanunlara texniki xarakterli dəyişikliklər edilib. Bir sıra qanunlar isə ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti