Xəzər Xəbər

Daş karxanalarında vəziyyət nə yerdədir? VİDEO

Veb TV | 19:38 • 8 Noyabr 2018
Daş karxanalarında vəziyyət nə yerdədir?

Əmlak Məsələləri Dövlət Komitəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi daş karxanalarında yoxlamalar aparıblar. Monitorinqlər nəticəsində məlum olub ki, daş karxanaları xeyli qayda pozuntunlarına yol verirlər. Müəyyən edilib ki, istifadə edilən avadanlıqların çoxu köhnədir, ətraf mühitə ciddi ziyan vurur, əksəriyyətinin qeydiyyatı yoxdur. Qaydaları pozan karxanalarla bağlı materiallar respublika prokurorluğuna göndərilib

Ölkəmizdə fəaliyyət göstərən daş karxanaları ilə bağlı ən son vəziyyət açıqlanıb. Əmlak Məsələlər Dövlət Komitəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi monitorinqlər zamanı karxanaların hansı qaydaları pozduqları müəyyən edilib.

Yoxlamalar nəticəsində daş karxanalarında istifadə edilən avadanlıqların çoxunyn köhnə və istifadəyə yararsız olduğu, eləcə də iş prosesi zamanı təhlükəsizlik qaydalarına əməl edilmədiyi aşkarlanıb. Komitənin sədr müavini Rüstəm Şahbazov bildirib ki, bəzi karxanaların mövcud olduğu torpaq sahələri ilə bağlı da ciddi problemlər var.

Araşdırma zamanı məlum olub ki, daş karxanalarının qeydiyyatı ilə bağlı məsələlər yerində deyil. Bu isə karxanaların daha çox qayda pozuntusuna yol vermələrinə şərait yaradır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal, Analitik Elmi və Tədqiqatlar Mərkəzinin direktoru Mürsəl Əliyev deyib ki, karxanaların fəaliyyət göstərdiyi ərazidə hava qatı zərərli tozlarla örtülür, oksigen çatışmazlığı yaranır, o cümlədən torpaqların üst münbit qatı korlanır. Onun sözlərinə görə, qayda pozuntularına yol verən karxanalarla bağlı materiallar respublika prokurorluğuna göndərilib.

Təşkil edilən dəyirmi masada bu sahədə ciddi islahatların aparılmasının vacibliyi, müasir avadanlıqlardan istifadənin əhəmiyyəti vurğulanıb.

Xəbər lenti