Pakistanın yeni seçilmiş Prezidenti Arif Alvi Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadəni qəbul edib.
Azərbaycanın Pakistandakı səfirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, səfir qəbula və görüşə görə təşəkkür edərək
Azərbaycan Respublikası Prezidentinin təbrikvə xoş salamlarını Arif
Alviyə çatdırıb.
Azərbaycanın hər zaman Pakistanı güclü, təhlükəsiz və inkişaf edən ölkə
kimi görmək istədiyini qeyd edən Əli Əlizadə Azərbaycan Respublikası Prezidentinin
Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, Azərbaycan torpaqlarını
işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımayan və ölkəmizin
ədalətli mövqeyini daim dəstəkləyən Pakistanın Azərbaycan üçün dost və
qardaş ölkə olduğunu diqqətə çatdırıb.
Azərbaycanın da Kəşmir üzrə İslam Əməkdaşlıq Təşkilatının Təmas qrupunun üzvü olduğunu və Kəşmir məsələsinin BMT
Təhlükəsizlik Şurasının qəbul edilmiş qətnamələri əsasında tezliklə
həll olunmasının tərəfdarı olduğunu vurğulayan səfir beynəlxalq və
regional məsələlərdə də hər iki ölkənin bir-birini dəstəklədiyini
bildirib. Səfir iki ölkənin daim inkişaf edən əlaqələrinin hazırkı
vəziyyəti, həyata keçirilən iqtisadi, ticari, hərbi-texniki, turizm,
humanitar və sosial yönümlü layihələr, nəzərdə tutulan yeni
əməkdaşlıqlar haqqında məlumat verərək ölkələrimiz arasında
münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, bu əlaqələrin
inkişafında Azərbaycan və Pakistan rəhbərlərinin xüsusi rolunun olduğunu
vurğulayıb.
Pakistan Prezidenti də həmçinin səfirdən xoş salamlarının və dərin ehtiramlarının Azərbaycan Respublikasının Prezidentinə çatdırılmasını xahiş edərək təbrikə görə təşəkkür edib, Azərbaycan Respublikası Prezidentini
hər zaman ölkəsində görməkdən məmnun olacağını bildirib. A.Alvi
Azərbaycan-Pakistan dövlətlərarası əlaqələrinin, həmçinin iki xalq
arasında mövcud olan qardaşlıq münasibətlərinin yüksək səviyyədə
olduğunu qeyd edərək hərbi-texniki, müdafiə, iqtisadi və ticari, mədəni
və elmi əlaqələrin daha da inkişafının zəruri olduğunu və bu
istiqamətlərdə hər iki ölkənin dövlət qurumlarının daha yaxından
çalışması gərəkdiyini söyləyib.
O, Azərbaycanın müstəqilliyini
bərpa etdiyindən bəri Pakistan hökumətinin hər zaman Azərbaycanı
dəstəkləməsindən şad olduğunu və bunun davam edəcəyini, Azərbaycan
torpaqlarını işğal etdiyi üçün Pakistanın Ermənistanı bir dövlət kimi
tanımadığını və Dağlıq Qarabağ məsələsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması gərəkdiyini vurğulaylb.
Pakistan Prezidenti iki ölkə arasında əlaqələrin yüksək səviyyəyə çatmasında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın xüsusi xidmətlərinin olduğunu, birinci xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar və sosial yönümlü layihələrin yüksək qiymətləndirildiyini bildirib.