Bu ilin yanvar-avqust
aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq
nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,1% artaraq
541,2 manat olub. Amma bu, yanvar-iyul aylarının yekunları ilə
müqayisədə 0,2% azdır. XəzərXəbər Dövlət Statistika Komitəsinə
istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə
və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və
rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində
orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Sentyabrın 1-nə
ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü
ilə müqayisədə 0,9% artaraq 1540,3 min nəfər olub, onlardan 880,4 min
nəfəri iqtisadiyyatın dövlət sektorunda, 659,9 min nəfəri isə
qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin
21,3%-i təhsil, 18,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,3%-i
sənaye, 8,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi,
7,1%-i tikinti, 7,0%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat,
4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki
fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və
balıqçılıq,1,6%-i maliyyə və sığorta fəaliyyəti,11,1%-i isə
iqtisadiyyatın digər sahələrində məşğul olublar.