Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti fermerlərə xəbərdarlıq edib.
Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, cari ilin payız mövsümündə payızlıq taxıl və
çoxillik əkin sahələrində, eləcə də təbii bitki örtüyü və meyvə
bağlarında siçanabənzər gəmiricilərin inkişaf dinamikasında artım
müşahidə olunmaqdadır.
Dövlət Fitosanitar Xidməti vəziyyətin
ciddiliyini nəzərə alaraq fermerlərə, təsərrüfat subyektlərinə və
vətəndaşlara xəbərdarlıq edərək preventiv mübarizə tədbirlərindən
istifadə olunmasını tövsiyə edir.
Preventiv mübarizə həm payızlıq
taxıl əkini sahələrinin vaxtında şumlanaraq normal bitki sıxlığının
alınmasına yönəlmiş aqrotexniki tədbirlər sistemi, həm də gəmiricilərə
qarşı aparılan mexaniki mübarizə üsuludur. Sahələrin kənarındakı
sirayətlənmiş mərzlər çizellənməklə siçanabənzər gəmiricilərin yuvaları
dağıdılmalıdır. Bağ və yonca sahələrinə dondurma suyunun vaxtında
verilməsi gəmiricilərlə qarşı səmərəli mübarizə üsuludur.
Əks təqdirdə vaxtında və düzgün aparılmayan tədbirlər siçanabənzər gəmiricilərin əkin sahələrində artımını sürətləndirəcək.