Gəlinini amansızlıqla qətlə yetirən Qusar rayon sakini Ali Məhkəməyə müraciət edib.
"Ölkə.Az”ın məlumatına görə, cinayət məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilən Nəcərov Amaxan Əlayəddin oğlunun məhkəmə prosesinə hakim Tahir Kazımov sədrlik edəcək.
Gəlinini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Qusar rayon sakini, 1938-ci il təvəllüdlü Amaxan Nəcərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qətl hadisəsi Qusar rayonu, Avaran kəndində qeydə alınıb. Amaxan Nəcərov 25 iyul 2015-ci il tarixdə, saat 00:20 radələrində yaşadığı Qusar rayonunun Avaran kəndindəki evə gəlib. O, evin ikinci mərtəbəsindəki otaqda uzanıb.
Qayınata və gəlinin davası
Bu zaman əvvəllər mütəmadi olaraq onunla mübahisə etmiş gəlini, 1977-ci
il təvəllüdlü Sevinc Məmmədovadan gün ərzində harada olmasını soruşub.
Sevinc əsəbi halda cavab verərək onu nalayiq söyüşlərlə söyüb.
Amaxan Nəcərov gəlinindən evdən atası evinə getməyi və bir daha geri
qayıtmamağı tələb edib. Gəlin-qaynata arasında başlamış mübahisənin
gedişatında evin birinci mərtəbəsində olan təqsirləndirilən şəxs Amaxan
Nəcərovun nəvəsi və zərərçəkmiş şəxs Sevinc Məmmədovanın qızı, 12 yaşlı
Məryəm Nəcərova və Amaxan Nəcərovun oğlu, mərhumun həyat yoldaşı Sevinc
Məmmədovanın əri Valeh Nəcərov mübahisə olan həmin otağa gəlib.
Gəlindən qayınataya hədə
Valeh Nəcərov həyat yoldaşını sakitləşdirməyə çalışsa da, Sevinc
Məmmədova onun sözlərinə əhəmiyyət verməyib. Sevinc ərinə işarə etməklə
Amaxan Nəcərova divanın altında qanunsuz tüfəng saxladığını deyib. O, bu
haqda polisə şikayət edəcəyini bildirib. Sevinc Məmmədova daha sonra
evdən getməsi üçün əşyalarını toplamağa başlayıb.
Bundan sonra Amaxan Nəcərov gəlini Sevinc Məmmədovanın davranışından
qəzəblənərək qisas alaraq onu öldürmək qərarına gəlib. O, bu məqsədlə öz
otağında, divanın altında saxladığı ov tüfəngini götürüb və tüfəngin
yanında olan patrondaşdan iki ədəd atəş üçün yararlı olan dolu
patronları çıxararaq tüfəngin lüləsinə yerləşdirməklə atəşə hazır
vəziyyətə gətirib. O, daha sonra tüfəngi həmin otaqda olan stulların
arasında gizlədib.
Sevinc Məmmədova yenidən Amaxanın olduğu otağa qayıdıb və şkafda olan
məişət əşyalarını toplayıb. Bu zaman Amaxan Nəcərov stulların arasında
gizlətdiyi tüfəngi götürərək oğlu Valeh Nəcərovun və nəvəsi, azyaşlı
Məryəm Nəcərovanın gözləri qarşısında gəlininə tərəf atəş açıb.
Qətl
Həmin vaxt Sevinc Məmmədova birinci dəfə açılan atəşdən döş qəfəsindən
xəsarət alıb. Bu zaman Valeh Nəcərov onun əlindəki tüfəngi almaq
istəyib. Buna baxmayaraq, o, ikinci dəfə atəş açıb.
Lakin Amaxan Nəcərovun açdığı ikinci atəş hadisə yerində evin divarına
dəyib. Yalnız bundan sonra Valeh Nəcərov atasının əlindən cinayətin
aləti olan tüfəngi alıb və atası ilə birlikdə hadisə baş verdiyi otaqdan
çıxıb. Valeh Nəcərov atasından aldığı tüfəngi sındırıb və həyətə atıb.
Daha sonra Valeh evin birinci mərtəbəsinə düşərək kömək çağırmağa gedib.
Bu vaxt Amaxan Nəcərov oğlu Valeh Nəcərovun kömək çağırmağa getdiyini
görüb və o, Sevinc Məmmədovanın hələ də ölmədiyini güman edərək, yenidən
hadisə olan otağa qayıdıb.
Nəvəsininn yalvarışlarına baxmayaraq...
Amaxan Nəcərov otaqda masanın üzərində olan bıçağı götürərək Sevinc
Məmmədovanın yanında dayanıb. Amaxan bu zaman orada ağlayan və anasına
qarşı başqa hərəkətlər etməmsi üçün babasına yalvaran nəvəsi Məryəm
Nəcərovanın gözləri qarşısında əlindəki bıçaqla Sevinc Məmmədovanın
boğazını kəsib. Sevinc Məmmədova hadisə yerində ölüb.
18 il 6 ay həbs cəzası
Amaxan Nəcərov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və
ya ümümi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz
silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və
ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya
ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə
ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Amaxan Nəcərov 18 il 6 ay
müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Amaxan
Nəcərovun vəkili Şirin Atayev apellyasiya şikayəti verib.
Vəkil qeyd edib ki, Amaxan Nəcərovun əməli Cinayət Məcəlləsinin 122.1-ci
(zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair
qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə
zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə
əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən
baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə)
maddəsinə tövsüf edilərək, ona yüngül cəza təyin edilməlidir.
Vəkilin şikayəti araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə
göndərilib. Şikayət hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada
araşdırılıb.