Qafqaz Müsəlmanları İdarəsi Gəncədə baş verən hadisələrlə bağlı bəyənat yayıb.
QMİ-dən XəzərXəbər-ə verilən xəbərə görə, bəyənatda deyilir: "Son günlər Gəncə şəhərində baş
verən qətl və terror hadisələrini dərin təəssüf və ciddi narahatlıq
hissi ilə qarşılayırıq. Hiddət doğuran odur ki, Vətənimizdə hökm sürən
sabitlik və əmin-amanlıq, tərəqqi və quruculuq işlərinə, habelə xarici
siyasət sahəsində uğurlarımıza və Haqq mübarizəmizdə qələbələrimizə
kölgə salmaq niyyəti güdən bəzi qüvvələr həm xaricdə, həm də daxildə
məkrli niyyətlərini cidd-cəhdlə çalışırlar. Bu cinayət əməllərində
Allahın yaratdığı insanın qətlə yetirilmə bütün bəşəriyyətə qarşı ağır
cinayət kimi dəyərləndirən müqəddəs İslam dinimizin adından sui-istifadə olunması isə qətiyyən yolverilməzdir.
Azərbaycanın
din xadimləri və dindarlarının mövqeyini ifadə edərək, baş verən
hadisələri dinlə bağlamaq cəhdlərini birmənalı olaraq rədd edir, bunu
ölkəmizə düşmən olan bəzi qüvvələrin xaricdən siyasi məqsədlərlə
yönləndirilən, cəmiyyətdə nifaq salmaq cəhdi kimi qiymətləndiririk.
Ölkəmizdə mövcud sabitliyin pozulması, qarşıdurma yaratmaq məqsədilə
aksiyalara cəlb etmək üçün dini şüarlarla çağırışlar edilməsini
dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə qarşı təxribat kimi
dəyərləndirir, din pərdəsi altında fəaliyyət göstərən radikal qrupların
cəmiyyətdə iğtişaşlara təhrik etməsini dövlətə qarşı terror, İslami dəyərlərimizə zidd hesab edirik. Terrorçunun isə dini olmur.
Bu
hadisələr zamanı ictimai asayişin keşiyində duran, xidməti vəzifələrini
yerinə yetirərkən yaralanmış qardaşlarımıza Allah-Taaladan şəfa diləyir
və şəhidlərimizə rəhmət deyərək ailələrinə dərin hüznlə başsağlığı
veririk.
Ümidvarıq ki, insan həyatına ali qiymət verən İslam
dininin humanist dəyərlərinə zidd olaraq həyata keçirilən qətl və
sui-qəsd hallarını kimliyindən asılı olmayaraq törədənlərin,
məscidlərimizi dağıdan erməni ekstremistlərinin dəyirmanına su
tökənlərin dövlətçiliyimizə təhlükə yaratmaq məqsədi güdən əməllərinə
ciddi hüquqi qiymət veriləcəkdir.
Azərbaycan dindarları daima
dövlətçiliyimizə sadiqdirlər. Din xadimləri, dindarlar hüquqi-demokratik
dövlət olan Azərbaycan Respublikasının vətəndaşları olaraq qanunun
aliliyini qəbul edir, ictimai-siyasi sabitliyi, davamlı sosial-iqtisadi
tərəqqini və bunun təminatçısı olan möhtərəm dövlət başçımızı
dəstəkləyirlər. Milli-mənəvi dəyərlərimizə ali diqqət və qayğı göstərən
dövlət başçımızın siyasətini dəstəkləyən dindarlar dövlətin bu kimi
təxribatların qarşısının qətiyyətlə alınması istiqamətində səylərini
dəstəkləyirlər. Biz vətəndaşları, dindarları, xüsusən, gəncləri
dövlətçiliyimizə qarşı yönləndirilən təxribat və məkrli çağırışlara
uymamağa çağırırıq. Din xadimlərimiz xaricdən məkrlə yönləndirilən belə
təxribatların mahiyyətini öz moizələrində xalqa çatdırmalıdırlar.
Əminik
ki, bu kimi təxribatçı cəhdlər möhkəm təməllər üzərində təşəkkül tapmış
dövlətçiliyimizin əsaslarını heç bir vəchlə sarsıda bilməz, inşallah!".