Türkiyə və ABŞ
hərbçiləri Menbiçin terrorçulardan təmizlənməsinə dair planı artıq
razılaşdıraraq, hər iki ölkənin rəhbərliyinə təqdim etmək barədə qərar
qəbul ediblər. "Anadolu” agentliyi xəbər verir ki, Menbiç üzrə yol
xəritəsi və Menbiçdə təhlükəsizlik prinsiplərinin müəyyənləşdirilməsi
ilə əlaqədar 12-13 iyunda ABŞ-ın Ştutqartdakı Avropa Komandanlığının qərargahında Amerika və Türkiyə silahlı qüvvələrinin vəzifəli şəxsləri toplantı keçirirblər.
Türkiyə Silahlı Qüvvələrinin baş qərargahı bəyan edib ki, görüşdə Menbiçin YPG/PYD, PKK
terrorçularından təmizlənməsi müzakirə edilib və Menbiç planının icra
mexanizminə dair razılıq əldə olunub. Menbiç üzrə hərbçilərin
hazırladığı sənədin mətni Türkiyə və ABŞ rəhbərliyinə təqdim ediləcək.
Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ dövlət katibi Mayk Pompeo ilə 4 iyundakı görüşündə Suriyanın Menbiç əyalətinin YPG/PYD kürd terrorçu qruplaşmalarından təmizlənməsinə dair "yol xəritəsi" üzrə razılıq əldə olunub.
Menbiç
planının detallarını açıqlayan Çavuşoğlu bildirib ki, təmizlənmə
prosesi 3 mərhələdə icra olunacaq. Birinci mərhələdə 10 gün ərzində ABŞ
və Türkiyə nümayəndələrindən ibarət ilkin hazırlıq toplantısı
keçiriləcək. İkinci mərhələdə YPG terrorçuları Menbiçdən çıxarılaraq
Fərat çayının şərq sahillərinə çəkiləcək. Bu zaman terrorçuların
əlindəki bütün silahlar alınaraq tərksilah ediləcək. Üçüncü mərhələdə
isə Menbiçin yerli özünüidarə məsələsinə baxılacaq. Bu zaman bölgədəki
əhali nisbəti nəzərə alınacaq. Menbiçdə ərəblərin üstünlük təşkil etdiyi
yerlərdə idarəçilik və təhlükəsizliyə nəzarət ərəblərə həvalə olunacaq.
Digər yerlərdə əgər çoxluq kürdlərə məxsus olsa, yalnız YPG/PYD, PKK xaricindəki kürdlərə idarəçilikdə iştirak haqqı veriləcək.
Çavuşoğlu bəyan edib ki, Menbiçin terrorçulardan təmizlənməsindən sonra, bu planı Suriyada
kürd terrorçularının nəzarətində olan digər bölgələrə də tətbiq
edəcəklər. Türkiyə xarici işlər naziri Menbiçin terrorçulardan 3-6 ay
ərzində təmizlənəcəyini və bu prosesdə üçüncü ölkənin iştirak
etməyəcəyini deyib.