Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyində sosial xidmət və reabilitasiya
müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahələrdə
göstərilən xidmətlərin keyfiyyətinin artırılması məsələlərinə dair
müşavirə keçirilib.
Nazirlikdən XəzərXəbər-ə verilən xəbərə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
sosial sahəyə xüsusi qayğısının daha bir təzahürü kimi, ötən dövrdə
ölkədə sosial xidmət və reabilitasiya müəssisələri şəbəkəsi əhəmiyyətli
şəkildə genişləndirilib, bölgələrdə əlilliyi olan insanlar üçün yeni
reabilitasiya mərkəzləri, habelə son illər Bakıda
müəyyən yaşayış yeri olmayan şəxslər və baxımsız, sosial təhlükəli
vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün sosial müəssisələr
yaradılıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanist təşəbbüslərinin nəticəsi olaraq, Abşeron
rayonunda iki yaşayış evi inşa olunaraq, 243 mənzil dövlət uşaq
müəssisələrinin məzunlarına təqdim olunub. "Məzun evi” Sosial Müəssisəsi
kimi fəaliyyət göstərən həmin müəssisədə bu təbəqədən olan gənclər üçün
daha bir yaşayış binasının inşası da yekunlaşır. Eləcə də Fondun
dəstəyi ilə son illərdə Bakıda
Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi
fəaliyyətə başlayıb, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial
xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış və reabilitasiya
şəraiti yaradılıb.
Nazir
qeyd edib ki, hazırda sosial xidmət müəssisələrində 1300-dək şəxs, o
cümlədən 290 nəfər sağlamlıq imkanları məhdud uşaq dövlət təminatında
yaşayır. Bu müəssisələr müvafiq kateqoriyalardan olan şəxslərə stasionar
şəraitdə sosial xidmətlərin göstərillməsi üçün nəzərdə tutulub.
Göstərilən xidmətlər yeni, müasir, reabilitasiya məqsədli yanaşmalar
əsasında təkmilləşməli, xidmət göstərilən şəxslərin yaşayış tərzində,
həyatında müsbət dönüşə, pozitiv keyfiyyət dəyişikliyinə, fəal həyata
dönüşünə zəmanət verə bilən istiqamətdə qurulmalıdır. Onlardan əmək
qabiliyyətli şəxslərin məşğulluğuna, o cümlədən özünüməşğulluğuna
yönəlik tədbirlər də görülməlidir. Ümumilikdə, sosial xidmətlərin
keyfiyyəti artırılmalı, bu sahədə şəffaflıq tam təmin edilməli,
beynəlxalq standartlara uyğun yeni sosial xidmət modelinin tətbiqi
yönündə ciddi addımlar atılmalıdır. Sosial işçi personalının bilik və
bacarıq səviyyələri artırılmalı, onların fəaliyyəti ilə bağlı təkmil
monitorinq-qiymətləndirmə sistemi formalaşdırılmalıdır.
S.Babayev
vurğulayıb ki, dövlət başçısının tapşırığı əsasında son illərdə
reabilitasiya infrastrukturunun ən müasir tələblərə uyğun qurulması üçün
mühüm işlər görülür. Artıq nazirliyin Respublika Əlillərin Bərpa
Mərkəzində, Uşaq Bərpa Mərkəzində, Xüsusi Qayğıya Ehtiyacı olan
Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində yüksək standartlara uyğun
reabilitasiya şəraiti mövcuddur. Mərdəkan Müalicə Pansionatında da
əsaslı təmir və yenidənqurma işləri artıq yekunlaşır və burada da müasir
bərpa-müalicə şəraiti yaradılır. Digər bərpa müəssisələrində də bu
istiqamətdə işlər davam etdirilir. Təkcə bu ilin 5 ayında nazirliyin
bərpa mərkəzlərində 9000-dən çox şəxsə stasionar və ambulator şəkildə
reabilitasiya xidmətləri göstərilib. Lakin qeyd olunanlarla yanaşı,
əlilliyi olan şəxslər arasında reabilitasiya səviyyəsi xeyli aşağı
səviyyədədir. Ona görə də bərpa mərkəzlərinin fəaliyyətinin səmərəliliyi
əlilliyi olan şəxslərin sağlamlığının bərpasında əldə etdikləri
nəticələrlə, reabilitasiya səviyyəsinin artması ilə ölçülməlidir. Bu
prinsp əsasında qiymətləndirmə mexanizmi tətbiq edilməlidir.
Reabilitasiya sistemi tibbi yanaşma ilə bərabər, eyni zamanda, sosial
yönümlü olmalı, müvafiq şəxslərin cəmiyyətə fəal inteqrasiyasında da öz
rolunu oynamalıdır.
Nazir
reabilitasiya müəssisələrində tətbiq olunan bərpa müalicəsi
prosedurlarının təkmilləşdirilməsinin, həkim-reabilitoloqların
peşəkarlığının artırılmasının, ümumilikdə bu müəssisələrin konkret
səmərəli nəticələrə yönələn fəaliyyət mexanizminin qurulmasının
vacibliyini qeyd edib. S.Babayev diqqətə çatdırıb ki, həm sosial, həm də
reabilitasiya xidmətləri sahəsində işlərin əsas məqsədi həmin
insanların həyata dönüşünə, onların cəmiyyətə qazandırılmasına nail
olmaqdır. Ona görə də bu müəssisələrdə hər bir şəxslə bağlı fərdi
reabilitasiya planı hazırlanmaqla iş aparılmalıdır. Eyni zamanda, xidmət
göstərilən insanlar özlərini daim qayğı mühitində hiss etməlidirlər,
onlara mehriban münasibət göstərilməlidir, etik davranış qaydalarına
ciddi riayət olunmalıdır. Müşavirədə sosial xidmət və reabilitasiya
müəssisələrinin fəaliyyəti ətraflı müzakirə olunub, bu sahələrdə
göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün strateji
yanaşmaları əks etdirən təkliflər əsasında tədbirlər proqramının
hazırlanması qərara alınıb, nazirliyin müvafiq struktur bölmələrinin
rəhbərlərinə aidiyyəti üzrə tapşırıqlar verilib.