Bu gün "17-ci Xəzər
Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika” və "8-ci Xəzər Beynəlxalq
Yol İnfrastrukturu və İctimai Nəqliyyat” sərgiləri çərçivəsində
Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi arasında iki razılaşma protokolu
imzalanıb.
Vergilər Nazirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən XəzərXəbər-ə
verilən məlumata görə, vergilər naziri Mikayıl Cabbarov və nəqliyyat,
rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin imzaladığı
protokollar avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar istisna
olmaqla sərnişin və yük daşımaları sahəsində vergilərin yığılması və
mobil cihazların qeydiyyata alınması ilə bağlı əməkdaşlığı müəyyən edir.
Avtomobil
nəqliyyatına aid razılaşma protokolunun imzalanmasında əsas məqsəd
müasir informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə
avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində tənzimləmə
mexanizmlərinin təkmilləşdirilməsi, daşıyıcılar arasında sağlam rəqabət
mühitinin formalaşdırılması, eyni zamanda vergilərin tam həcmdə və
vaxtında yığılmasının təmin olunması sahəsində iki dövlət orqanı
arasında əməkdaşlığın genişləndirilməsidir.
Digər protokol isə
fərdi qaydada və gömrük bəyannaməsini təqdim etmədən fiziki şəxslər
tərəfindən ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasını və bu
prosesə birgə nəzarət mexanizmlərini, habelə bu məqsədlə
qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı fəaliyyət istiqamətlərini
müəyyən edir.
Protokolların imzalanması mərasimində bildirilib
ki, qeyd olunan sahələr üzrə birgə əməkdaşlıq səmərəliliyin
artırılmasına xidmət edəcək.