"Ermənistan "xarici
dəstəkdən” istifadə edərək Azərbaycan ərazisinin 20 faizini işğal
etməklə, əslində çox şey itirdi. Hər şeydən əvvəl, neftin və qazın
nəqlinə görə əldə edə biləcəyi sabit valyuta gəlirlərindən məhrum oldu.
Gürcüstan kimi Ermənistan da Azərbaycanın həyata keçirdiyi transmilli
enerji və nəqliyyat layihələrindən faydalana bilərdi...”
XəzərXəbər xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyevin
məqləsində qeyd olunub.
Məqalədə deyilir ki, yeni ərazi davası aparan
Ermənistanın sosial-iqtisadi problemlərinin kəskinləşməsi hər şeydən
əvvəl onun regional iqtisadi inteqrasiya prosesində iştirak etməməsi ilə
bağlıdır: "Əgər Ermənistan ərazi iddialarından əl çəksəydi və
Azərbaycanla Gürcüstanın, o cümlədən Türkiyənin birgə həyata keçirdiyi
strateji iqtisadi layihələrə qoşulsaydı, xarici dövlətlərdən topladığı
"ianələrdən” dəfələrlə artıq gəlir əldə edə bilərdi. Ermənistan özünün
neftə və qaza olan tələbatını bütünlüklə idxal hesabına ödəyir. Yəni, bu
ölkənin xaricdən enerji asılılığı var. Azərbaycanla sərhədlərin
bağlanması isə həmin enerji resurslarının nəqlini çətinləşdirir və
xərcini artırır”.
R. Mehdiyev bildirib ki, Azərbaycan işğalçı
dövlətlə həm də iqtisadi gücün dili ilə danışır və Ermənistan bunun acı
nəticələrini görməkdədir. Təsadüfi deyildir ki, erməni iqtisadçılar öz
iqtisadiyyatlarının təhlili ilə bağlı hesabatların hər abzasında
Azərbaycanın iqtisadi təzyiqinin doğurduğu nəticələrdən geniş bəhs
edirlər: "Hər bir dövlətin başlıca vəzifəsi ölkə vətəndaşları üçün
layiqli həyat səviyyəsini təmin etməkdən ibarətdir. Lakin Ermənistan
hökuməti bu vəzifəni yerinə yetirmək əvəzinə, işğalçı və separatçı
mövqeyi ilə öz vətəndaşlarını məhrumiyyətlər qarşısında qoyur. Vaxtilə "Dağlıq Qarabağ uğrunda
mübarizə”yə qalxmış ermənilər, indi öz fiziki mövcudluğunu qoruyub
saxlamaq üçün mübarizə aparırlar. Sosial vəziyyəti kəskinləşməkdə olan
ermənilər vaxt gələcək özləri Ermənistan rəhbərliyini işğalçı və
separatçı mövqedən çəkindirməyə məcbur edəcəklər. Əks halda, Azərbaycan
tərəfdən Ermənistana qarşı iqtisadi gücün tətbiqinin davam etdirilməsi
işğalçı ölkəni sosial partlayış həddinə gətirib çıxaracaq. Bunun da acı
nəticələrini həm Ermənistan rəhbərliyi, həm Ermənistan vətəndaşları, həm
də Qarabağ erməniləri hiss edəcək…”
Məqalədə bildirlir ki,
müstəqillik əldə etdikdən sonra Ermənistanın iqtisadi problemləri təkcə
Azərbaycanın iqtisadi təzyiqlərinin nəticəsində deyil, həm də bu ölkənin
iqtisadi dayaqlarının zəifliyi ilə əlaqədar olaraq kəskinləşib: "
Təsadüfi deyildir ki, beynəlxalq iqtisadi təşkilatlar öz analitik
hesabatlarında işğalçı ölkənin iqtisadi cəhətdən zəif inkişaf etmiş
ölkələr qrupuna daxil edirlər. Statistik məlumatların təhlili göstərir
ki, Azərbaycan bir sıra makroiqtisadi göstəricilərə görə Ermənistanı
dəfələrlə qabaqlayır. Hər bir dövlətin maliyyə təminatı onun büdcəsinin
vəziyyəti ilə müəyyən edilir.
Ermənistanda vergi bazasının ilbəil
məhdudlaşması dövlət büdcəsinin icrası sahəsində ciddi problemlər
yaratmaqdadır. Dövlət büdcəsindəki gərginliyin nəticəsidir ki,
Ermənistanın xarici borcu 2017-ci ildə kritik həddə - 5,4 mlrd. ABŞ
dollarına çatmışdır. Bu, ÜDM-in təxminən 60 faizini təşkil edir.
Müqayisə üçün qeyd edək ki, iqtisadi təhlükəsizlik baxımından kritik
hədd 40 faiz hesab olunur. Azərbaycanda və Ermənistanda xarici borcu
təhlil edərkən bir cəhəti də nəzərə almaq lazımdır. Belə ki, beynəlxalq
maliyyə təşkilatları borc vəsaitlərini ölkəmizə kredit qabiliyyətli
olmasına, yəni bu borcu qaytarmaq üçün potensial valyuta ehtiyatlarına
malik olduğuna görə ayırırlarsa, Ermənistan bu kreditləri xarici
ölkələrdə fəaliyyət göstərən lobbisi hesabına əldə edir”.