Bakıda polis quldurluq hadisəsi törədən şəxsləri saxlayıb.
Bu barədə
XəzərXəbər-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Belə ki, Bakı
şəhər sakini Roman Həsənov Daxili İşlər Nazirliyinin "102” Zəng
Mərkəzinə məlumat verərək yanvarın 8-də paytaxtın Nizami rayonu Qara
Qarayev prospekti 20 ünvanında iki nəfər tanımadığı şəxsin onun
qarşısını kəsərək pul və mobil telefonunu tələb etdiyini, həmin şəxslərə
müqavimət göstərən zaman küt alətlə ona xəsarət yetirərək hadisə
yerindən qaçdıqlarını bildirib.
Məlumat ərazi üzrə Nizami Rayon
Polis İdarəsi 25-ci Polis Bölməsinə ötürülən kimi dərhal "isti” izlərlə
cinayəti törətməkdə şübhəli bilinən şəxslərin axtarışlarına başlanılıb.
Polis əməkdaşlarının operativliyi nəticəsində həmin cinayəti törətməkdə
şübhəli bilinən İmişli
rayon sakini Mirzalı Nuriyev və Lökbatan qəsəbə sakini əvvəllər məhkum
olunmuş Elçin Əsədli müəyyən edilərək saxlanılıblar. Onların
ətraflarında həyata keçirilən əlavə tədbirlərlə eyni tarixdə vətəndaş
Sadıqlı Bəylər Cabir oğlunun da mobil telefonunu ələ keçirdikləri məlum
olub.
Saxlanılan şəxslər ifadələrində törətdikləri cinayətləri
etiraf edərək hər iki hadisəni həyata keçirmək üçün əvvəldən hazırlıq
gördüklərini bildiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin
müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxslərin başqa
cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər. Onların
əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər
Nazirliyinin "102” Zəng Mərkəzinə və ya Nizami RPİ-yə müraciət edə
bilərlər.