Noyabrın 14-də Parisdə,
Royal Pavilyonda Azərbaycanın paytaxtı Bakının Beynəlxalq Sərgilər
Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər
olması şərəfinə qəbul təşkil edilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.
Azərbaycanı "Qafqazın
mirvarisi” adlandıran tədbirin aparıcısı ölkəmizin qədim tarixə, zəngin
mədəniyyətə malik olduğunu dedi. O, Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban Əliyevanın bu tədbirdə iştirak etməsindən şərəf hissi duyduğunu bildirdi.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə çıxış etdi. Sonra Azərbaycan haqqında videoçarx nümayiş olundu.
Qədim
tarixə, zəngin mədəniyyətə və adət-ənənələrə malik Azərbaycan bu gün
sürətlə inkişaf edən ölkə kimi bütün dünyanın diqqət mərkəzindədir.
Azərbaycanın paytaxtı Bakının "Expo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər olması da təsadüfi deyil.
Bu
gün Azərbaycan dünyada həm də müxtəlif sahələrə aid mötəbər beynəlxalq
tədbirlərin, idman yarışlarının yüksək səviyyədə keçirildiyi ölkə kimi
tanınır. Bununla yanaşı, ölkəmizin indiyədək iştirak etdiyi bütün
beynəlxalq sərgilərdəki pavilyonları və stendləri həm təşkilatçılar, həm
də iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Bu tədbirlərdə
Azərbaycan layiqincə təmsil olunub, ölkəmizin tarixi, mədəniyyəti,
incəsənəti, adət-ənənələri geniş təbliğ edilib, Azərbaycan həqiqətləri
dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.
Bakının
"Expo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər olması şərəfinə keçirilən
qəbulda Azərbaycan və dünya bəstəkarlarının əsərləri, həmçinin xalq
mahnıları səsləndirildi.
Qeyd edək ki, Azərbaycan milli
pavilyonla ilk dəfə "Milan Expo 2015” Ümumdünya Sərgisində iştirak edib.
Ölkəmizin "Milan Expo 2015”dəki pavilyonunu sərgi günlərində 3
milyondan çox insan ziyarət edib. Türkiyədə təşkil olunan "Antalya Expo
2016” Beynəlxalq Botanika Sərgisində də Azərbaycan milli pavilyonu
iştirakçılarda böyük maraq doğurub. Astanada keçirilən "Expo 2017”
Beynəlxalq Sərgisində isə ölkəmiz "Enerji Yurdu - keçmişdən gələcəyə
daşınan enerji” konsepsiyası əsasında hazırlanan pavilyonla təmsil
olunub.
Azərbaycan "Expo 2025 Bakı”
Sərgisini mayın 10-dan noyabrın 10-dək təşkil etmək təklifini irəli
sürüb. Sərginin mövzusu isə "İnsan kapitalını inkişaf etdirək, daha
yaxşı gələcək quraq” olacaq.
Bakı
ilə yanaşı, Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka və Fransanın
Paris şəhərlərinin də "Expo 2025” Ümumdünya Sərgisinin keçirilməsi üçün
namizədliyi irəli sürülüb.
Bakının
"Expo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər olması şərəfinə təşkil
edilən qəbulda Azərbaycanın və Fransanın tanınmış ictimai-siyasi
xadimləri, diplomatik korpusun nümayəndələri və digər nüfuzlu şəxslər
iştirak etdilər.
Tədbir
zamanı qurulmuş xüsusi monitorlarda Azərbaycan haqqında nümayiş olunan
videoçarxlar, ölkəmiz barədə nəşrlər böyük maraqla qarşılandı.
Sonda
tədbir iştirakçılarına Azərbaycanla bağlı suvenirlər, paytaxtımızın
"Expo 2025”ə namizədliyinə həsr olunmuş kataloqlar və digər xatirə
hədiyyələri təqdim edildi.