Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
XəzərXəbər-in məlumatına görə, sərəncamda deyilir ki, 2019-cu ildə Azərbaycanın nüfuzlu elm və təhsil ocağı Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illiyi tamam olur.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı
Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi
yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol
keçmişdir. Daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirən
Universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi
tədqiqatların dərin məzmun kəsb edərək son texnologiyaların da tətbiqi
ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk
prosesinin sürətləndirilməsində təqdirəlayiq xidmətləri vardır.
Bakı
Dövlət Universiteti tarixən vətənpərvər ziyalıların fədakar əməyi
sayəsində yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə
Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr vermişdir.
Respublikada yaradıcı elmi təfəkkürün innovativ ideyalar əsasında
formalaşdırılması, hazırlıqlı kadr potensialının davamlı
təkmilləşdirilməsi və elmi-intellektual mühitin inkişaf səviyyəsinin
daha da yüksəldilməsi, o cümlədən Azərbaycan xalqının tarixi-mədəni
dəyərlərinin və mənəvi-əxlaqi sərvətlərinin qorunub yaşadılması
Universitetin dünya təhsil məkanına inteqrasiya yolu seçməklə göstərdiyi
bugünkü çoxşaxəli, geniş fəaliyyətin başlıca istiqamətlərini təşkil
edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq və ölkədə ali təhsilin, elmin ənənələrinin
zənginləşdirilməsində, gənc nəslin müstəqil dövlətçilik ideallarına
sədaqət ruhunda tərbiyəsində mühüm xidmətlərini nəzərə alaraq,
Azərbaycan хalqının milli sərvəti Bakı Dövlət Universitetinin 100 illik yubileyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Bakı Dövlət Universitetinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.