Xəzər Xəbər

Ürəyinizin səsinə qulaq asın: Sizə ölümün siqnalını verir

Cəmiyyət | 15:13 • 13 Oktyabr 2017
Ürəyinizin səsinə qulaq asın:

Dünyada ölümlərin birinci səbəbi kimi ürək-damar xəstəlikləri göstərilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasından da məlum olur ki, ən çox ölümə və əlilliyə səbəb olanlar məhz ürək-damar xəstəlikləridir.Azərbaycanda bir neçə il əvvəl "Qeyri-yoluxucu xəstəliklərlə bağlı vəziyyət və qeyri-yoluxucu xəstəliklərin risk faktorları" mövzusunda aparılan sorğunun nəticələrinə görə, ölkəmizdə ölənlərin 51 faizi ürək-qan-damar sistemi xəstəliklərindən dünyasını dəyişir. Bu, digər xəstəliklərlə müqayisədə ən yüksək rəqəmdir. Beləliklə, Azərbaycanda vəfat edən hər iki nəfərdən birinin ölümü ürəklə bağlıdır.

Ürəyini tutub yerəyıxılana qədər...

Həkimlər ürəkdə yaranan problemlərin özünü hələ xeyli əvvəldən kiçik, diqqət yetirmədiyimiz əlamətlərlə biruzə verdiyini deyir. Yetır ki, ürəyin səsinə qulaq asasan. Filmlərdə insanın ürəyini tutaraq yerə yıxıldığı səhnəsini çox görmüşük. Amma real həyatda bu, çox zaman belə olmur. Yerə yıxılmaq ən son mərhələdir.

Ona qədər isə ürək bəzi əlamətlərlə xəbərdarlıq edir. ABŞ-ın Pensilvaniya ştatındakı Ürək-Damar Xəstəlikləri İnstitutunun əməkdaşları ürək xəstəliyinin ilk əlamətlərini müəyyən edib. Bunlar çoxumuzun diqqət yetirmədiyimiz, başqa xəstəliyin hesab etdiyimiz əlamətləridir. Mütəxəssislər belə hesab edir ki, bu əlamətləri özündə hiss edən şəxslərin dərhal həkimə müraciət etməsi faciəli sonluğun qarşısını almağa kömək edər.

Bol-bol və ürəkdən gülün ki...

Bu əlamətlərə xüsusilə, 60 yaşdan sonra diqqət etmək lazımdır. Amma bu, o demək deyil ki, 60 yaşa qədər insanlar ürək problemləri ilə üzləşə bilməzlər. Diabet, yüksək qan təzyiqi, xolesterin və ya artıq çəkidən əziyyət çəkənlər isə daha diqqətli olmalıdırlar. Statistikaya görə, ürək tutmaları və infarkt daha tez-tez bazar ertəsi saat 7.00-10.00 radələrində baş verir. Ürək bir çoxlarının düşündüyü kimi döş qəfəsinin sol tərəfində deyil, demək olar ki, ortasında yerləşir. Ürəyin ölçüsü təxminən yumruq boydadır.
Qadınlarda kişilərlə müqayisədə nəbz daha tez-tez vurur. Gülüş ürəyin sağlamlığı üçün çox faydalıdır. Ömrünüzü uzatmaq üçün bol-bol və ürəkdən gülün. Hər gün açıq havada ən azı 30 dəqiqə gəzmək ürək xəstəliklərinin və infarktın riskini bir neçə dəfə azaldır. Ürəyin əsas 3 düşməni - piylənmə, şəkər və stressdir. 1-ci qan qrupu olan insanlarda ürək-damar sistemi xəstəliklərinin riski digər qruplarla müqayisədə daha azdır.

İnfarkt cavanlaşıb

Səhiyyə Nazirliyinin məlumaıtna görə, bu ilin fevral ayının 15-dən may ayının 15-nə qədər ölkə üzrə 5 499 863 nəfər tibbi profilaktik müayinədən keçib. Onlardan 2 640 119 nəfəri kişi və 2 859 744 nəfəri qadın olub. 30 və daha yuxarı yaşlı xəstələr arasında 3135 nəfər insanda kəskin miokard infarktı baş verib.18-29 yaşlı xəstələr arasında 59 nəfərdə (onların 14-ü qadınolub) kəskin miokard infarktı baş verib.Aşağı yaşlı xəstələr arasında isə kəskin miokard halı qeydə alınmayıb.Səhiyyə Nazirliyinin Elmi- Tədqiqat Kardiologiya İnstitutundan verilən məlumata görə, bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da ürək-damar sistemi xəstəlikləri 10-15 il cavanlaşıb. 1960-1980-ci illərdə 35-50 yaşlı insanlarda miokard infarktına çox az, hətta nadir hallarda təsadüf olunurdusa, indi xəstələrin 30-35 faizində infarkt bu yaşda əmələ gəlir. Ümumilikdə infarkt daha çox kişilər arasında müşahidə olunur. Ancaq kişilər qadınlara nisbətən daha dözümlü olurlar. Qadınlarda infarktdan sonra ölüm halları kişilərlə müqayisədə çoxdur. Bunu isə kardioloqlar qadın orqanizminin infarkta hazır olmaması ilə izah edirlər. Qadınlar infarktın ilk dəfəsində dünyasını dəyişə bilərlər. Kişilər arasında isə hətta ikinci infarktdan sonra da yaşayanlar az deyil. Kişilərdə riskli dövr 45-50 yaşdan sonra başlayır. Bunda isə əsasən siqaret çəkmə, kişi cinsi hormonlarının aktivliyinin azalması və hətta stress xüsusi rol oynayır. Gəlirin azalmasından yaranan stress kişilərdə siqaretçəkmə qədər təhlükəlidir.

Bu əlamətdən biri sizdə varsa...


Beləliklə, pensilvaniyalı mütəxəssislər üərk-damar xəstəliklərinin ilk əlamətlərinə diqqəti çəkir. Bu əlamətlər indiyə qədər müəyyən edilən və bir çoxlarının məlumatlı olduğu simptomlardan daha fərqlidir. İlk baxışda diqqəti çəlb etməz və beləliklə də infarkta yol açar. "Cümhuriyət” həmin əlamətlərə diqqəti çəkir:

1. Sinədə diskomfort. Bu, ən çox rast gəlinən əlamətdir. Əgər sisin sinənizdə ağrılar varsa və ya ürəkbulanma hiss edirsinizsə, o zaman kardioloqa müraciət edin. Mütəxəssislər deyir ki, hər kəs bu diskomfortu özünün bildiyi kimi əlaqələndirir. Bəzən bu hiss yanğı, yaxur ağırlıq şəklində olub. Sanki sinənizə nəsə çöküb və tərpənmir. Bu hiss bir neçə dəqiqə davam edir və hətta fiziki aktivlik zamanı da özünü büruzə verir.

2. Ürəkbulanma, yanma, mədədə ağrı. Bəzi şəxslərdə mədə problemi hesab etdiyimiz bu əlamətlər əslində ürəklə əlaqədar ola bilər. Bu, daha çox qadınlarda özünü göstərir.

3. Bədənin bir tərəfini bürüyən qəfil ağrı. Bu, ən qədim əlamətlərdən biridir. Əgər ağrı sinədə başlayıb və daha çox sol tərəf boyu yayılırsa, o zaman narahat olmağa dəyər. Barmaqların ucuna qədər davam edən bu ağrı ürəyin həyəcan siqnalıdır. Bəzən əl sinədən daha çox ağrıya bilər. Bunu unutmaq lazım deyil.

4. Baş ağırısı və ya baş gicəllənməsi. Bu əlamətlər bir çox xəstəliklərdə özünü göstərir. Məsələn, əgər siz az yeyib və ya çox içmisinizsə, yaxud qəfildən ayağa qalxmısınızsa, başınız fırlana bilər. Ancaq başqa xəstəliklər kimi baş gicəllənməsi həm də ürək ağrısının əlaməti hesab edilir.

5. Boğazda ağrı. Nə qədər qəribə görünsə də, boğaz ağrısı təkcə soyuqdan, yaxud badamcıqların şişməsindən olmur. Ürək ağrımağa başlamazdan əvvəl boğazda ağrı, qıcıqlanmanın olması mümkündür. Sinədə qəfil başlayan ağrı qısa müddət sonra boğazda özünü daha güclü şəkildə göstərirsə, narahat olmağa dəyər. Bu, sizin üçün soyuqdəymə deyil. Daha ciddi siqnaldır.

6. Yorgunluq. Ağrı təkcə fiziki işlərin sonunda hiss etdiyiniz deyil. Əgər siz qısa müddət hərəkət etdikdən sonra özünüzdə yorğunluq hiss edirsinizsə, o zaman siqnal verilib. Məsələn, əgər evdən hansısa yükü qapıya çıxarırsınızsa, yaxud maşından ərzaq torbasını götürərəkən nəfəs darlığı yaşayır, təngənəfəs olursunuzsa, o zaman diqqətli olun. Bu simptomlar çox ciddi ola bilər. Əgər özünüzdə halsızlıq hiss edirsinizsə, sanki yorğunluqdan ayağa qalxa bilmirsinizsə, o zaman həkimə gedin.

7. Xırıldama. Bu əlamət nəfərə problemi ilə də bağlı ola bilər. Ancaq ürək problemi zamanı da bu əlamət özünü göstərə bilir. İnfarktın ilk əlamətlərindən biri də məhz budur.

8. Davamlı öskürmə. Bu əlamət təkcə soyuqdəymədən deyil. Həm də ağciyərlərin kifayət qədər qan almasında problem olmasının əlamətidir.

9. Ayaqların keyiməsi. Unutmaq lazım deyil ki, ürək çatışmazlığında böyrəklərdə də problem yaranır və bu ayaqların keyiməsi kimi əlamətlə də üzə çıxa bilir.

10. Aritmiya. Ürək öz ritmini dəyişir. Əgər siz əsəbləşmisinizsə və bu, bir neçə saniyədən çox davam edirsə, kardioloqa getmək lazımdır.

Düyünü süfrənizdənəskik etməyin

Mütəxəssislər ürək-damar xəstəlikləri riskini azaltmaq üçün qidalanmaya, fiziki hərəkətə diqqət yetirməyə çağırır və zərərli vərdişlərdən uzaq durmağı məsləhət görür. Amerikalı mütəxəssislər erkən ölüm riskini aradan qaldırmaq üçün yollar axtararkən maraqlı nəticə əldə ediblər. Araşdırmada məlum olub ki, erkən ölüm riski ilə dənli bitkilərin qəbulu arasında birbaşa əlaqə var. Taxıl orqanizmdə xolesterinin səviyyəsini azaldır və insultun qarşısını alır. Tədqiqat üçün dənli bitkilərin əsas üç növü götürülüb. Gündəlik yulaf, buğda və çəltik qəbul edən insanlarda ürək-damar xəstəliklərini və xərçəng riksni xeyli azaltmaq olar. Beləliklə, dənli bitkilərdən istifadə etməyən insanlarda erkən ölüm riski artır və bir çox hallarda qaçılmaz olur. Hər gün müntəzəm şəkildə az da olsa, düyü və ya yulaf sıyığı yeyən insanlarda isə ölüm ehtimalı 7 faiz azalır. Yemək 3 dəfə artırılarsa, ölüm riski də 20 faiz azalır. Beləliklə, süfrənizdən bu məhsulalrı əskik etməyin!

cebhe.info

Xəbər lenti