Xəzər Xəbər

“Bolqarıstan Aİ-yə sədrlik etdiyi dövrdə Azərbaycana dəstək verəcək”

Gündəm | 14:45 • 13 Oktyabr 2017
“Bolqarıstan Aİ-yə sədrlik etdiyi dövrdə Azərbaycana dəstək verəcək”

"Azərbaycana ilk rəsmi səfərimdən məmnunam. Öz adımdan və Bolqarıstan nümayəndə heyətinin adından Prezident İlham Əliyevə dəvətə, gözəl ölkənizə gəlmək və bu gün baş tutan məzmunlu, konstruktiv danışıqlar aparmaq imkanına görə böyük təşəkkürümü bildirmək istəyirəm”.

XəzərXəbər xəbər verir ki, bunu Bakıda səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radevin bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan Respublikası və Bolqarıstan Respublikası dost, uzunmüddətli siyasi, mədəni və mənəvi əlaqələr bazasında tərəfdaş ölkələrdir:

"Bu gün Prezident Əliyev ilə biz əlaqələrin mümkünlüyünü, həm də uzun illər həyata keçirilən intensiv siyasi və iqtisadi dialoqu təsdiq etməklə yanaşı, həm də əməkdaşlığın inkişafı, dərinləşməsi üçün ölkələrimiz arasında münasibətlərin böyük əhəmiyyətini də vurğuladıq. Biz həqiqətən də energetikadan, nəqliyyatdan, əmtəə mübadiləsindən, mədəniyyətdən, təhsildən, turizmdən tutmuş, - gəlin turizmi unutmayaq, - qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlıq aparılmasına imkan verən və iki il əvvəl imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə çərçivəsində mövcud olan yaxşı bünövrənin gerçəkləşdirilməsi istiqamətində əməli addımlar atmağa keçmişik. Bizim həqiqətən konkret addımlar atmağımızın zəruriliyi çox vacibdir. Çünki bizim siyasi əlaqələrimizin daha da inkişaf etməsi üçün böyük imkanlar mövcuddur.

Prezident Əliyevin də qeyd etdiyi kimi, ölkələrimiz arasında əmtəə mübadiləsinin həcmi bizi qane etmir. Biz daha yaxşı nəticələrə nail ola bilərik. Yaxşı xəbər budur ki, Azərbaycan rəhbərliyi artıq gələn il yanvarın 1-dən Sofiya ilə Bakı arasında ilk reysi açmağa hazırdır. Bu, Bolqarıstanın Avropa İttifaqında sədrliyə keçməsi prosesi ilə üst-üstə düşür. Bu cəhətdən Bolqarıstan Azərbaycan Respublikasına öz dəstəyini təsdiq edir. Avropa İttifaqı ilə qarşıdakı hərtərəfli razılaşmanın imzalanması ilə əlaqədar Bolqarıstan Avropa İttifaqının Şərq Tərəfdaşlığını, onun qüdrətli, sabit, perspektivli regiona çevrilməsi cəhətdən səylərini və bu istiqamətdə Azərbaycanın siyasətini, bütün mühüm missiyalarda və NATO-da Azərbaycan kontingentinin iştirakını dəstəkləyir. Biz daha böyük nəticələrə nail ola bilərik".

Onun fikrincə, Bolqarıstan Azərbaycanın kənd təsərrüfatının inkişafına, kənd təsərrüfatında, xüsusilə emal sənayesində yeni texnologiyaların tətbiq olunmasına, Azərbaycan Respublikasında əczaçılıq istehsalının inkişafının təşkilinə öz töhfələrini verə bilər: "Energetika sahəsindəki yüksək texnoloji imkanları sayəsində Azərbaycan da Bolqarıstan qurumları ilə bizim ölkəmizdə fəal inkişaf etməli olan məişət sektorunun qazlaşdırılmasında, eləcə də Bolqarıstanın yanacaqdoldurma stansiyaları şəbəkəsinin inkişafında birgə işləməyə hazırdır.

Energetika bizi uzun illər birləşdirəcək sahədir və biz "Cənub Qaz Dəhlizi” layihəsinin gerçəkləşdirilməsinə dəstəyimizi təsdiq edirik. Azərbaycan qazın nəqli mənbələrinin və marşrutlarının inkişafı, onun Cənubi və Mərkəzi Avropada real şaxələnməsinə kömək üçün bu layihənin gerçəkləşdirilməsində həlledici rol oynayır. Biz Asiya və Avropa arasında nəqliyyat və qaz dəhlizlərinin inkişafında qarşılıqlı maraqları təsdiq etdik. Bizim ölkələrimiz regionda strateji mövqeyə malikdir və biz bu mövqeyin təqdim etdiyi bütün imkanlardan istifadə etməliyik".

R.Radev deyib ki, son illərdə bizim mədəniyyət, təhsil və elmi sahələrdə əlaqələrimiz intensiv inkişaf edir: "Mən Prezident Əliyevə Heydər Əliyev Fondu sayəsində Trapezitsa qalasının bərpası layihəsinin həyata keçirilməsinə görə təşəkkür edirəm. Biz hesab edirik ki, bu, həm təhsil, həm də mədəniyyət sahələrində məhsuldar əməkdaşlığın yalnız başlanğıcıdır. Təhlükəsizlik sahəsinə gəldikdə, əlbəttə ki, mən Azərbaycan Respublikasının müvafiq strukturları ilə əməkdaşlığı dəstəkləyirəm. Həmçinin istəyirəm ki, təhsil sahəsində əməkdaşlıq edərək sizin tələbələriniz bizim ali məktəblərimizdə təhsil alsınlar. Bolqarıstan həqiqətən təkcə Balkan yarımadasında deyil, həm də Qara dəniz regionunda təhlükəsizlik və sabitlik mərkəzidir. Mən ümid edirəm ki, bizim bugünkü görüşlərimiz xalqlarımızın rifahı və təhlükəsizliyi naminə bütün sahələrdə məhsuldar əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edəcək".

Xəbər lenti