Xəzər Xəbər

Hər üzümdən bir şirə çək...

Maraqlı | 11:39 • 14 Sentyabr 2017
Hər üzümdən bir şirə çək...

Xalqımızın sevimli şairi Mirzə Ələkbər Sabir "Səbr elə, halva bişər, ey qora səndən...” deyəndə şübhəsiz ki, qoranın üzüm salxımına, üzümün dərilib sıxılandan sonra bəhməzə çevrilməsinə, bəhməzdən isə halva çalınmasınadək uzun bir prosesi nəzərdə tuturdu. Xalq şairi Səməd Vurğun üzüm haqqında dillərdə dolaşan "hər üzümdən bir şirə çək, səhər-səhər acqarına, qüvvət gəlsin qollarına" deyəndə isə üzümün həm də sağlamlıq üçün əhəmiyyətini vurğulamaq istəyirdi.


AZƏRTAC xəbər verir ki, üzümün becərilməsi və istifadəsi çox qədim dövrlərdən başlanılıb. Daş dövründən 7-9 min il əvvəl üzüm qida məhsulu kimi istifadə edilirdi. Eramızdan 6 min il əvvəl Nil çayının sahillərində üzümlüklər salınmışdı. Üzüm Yunanıstandan Romaya, Yuli Sezarın yürüşündən sonra isə Romadan Fransaya aparılıb. Rusiyada üzümçülük I Pyotrun dövründə inkişaf etməyə başlayıb.


Üzümün sortları ondan alınan məhsullara görə süfrə, texniki, tumsuz və universal növlərinə, dadına görə isə üzümün sortları adi, muskat, quşüzümü və izabel dadlı qruplara bölünür. Üzümdən müxtəlif məqsədlər üçün istifadə edilir. Ondan şərab, şirə, mürəbbə və marinadlar hazırlanır, toxumlarından isə texniki yağ əldə edilir.


Üzüm orqanizmə ümumi möhkəmləndirici, həmçinin iltihab əleyhinə, yüngül bəlğəmtəmizləyici, sidik və ödqovucu təsir göstərir, qanyaranma proseslərini və maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmdən xolesterinin xaric olmasını təmin edir. Aterosklerozda, anemiya, xroniki bronxit, bronxial astma, xroniki qastrit, hepatit, xolesistit, öddaşı xəstəliyi, sistit, xroniki plefonefrit, keçirilmiş ağır xəstəlikdən sonrakı bərpa prosesində, həmçinin hipo və avitaminozlarda tətbiq edilir.


Mütəxəssislər hesab edirlər ki, üzümün müalicəvi təsirinin sirri onun tərkibində olan qlükoza və fruktozadadır. Adi istifadə edilən çuğundur şəkərindən fərqli olaraq üzümün tərkibindəki şəkər həzm prosesində ciddi dəyişikliyə məruz qalmayaraq birbaşa qana keçir və əzələ tonusuna müsbət təsir edir, qan damarlarını genişləndirir. Qanda eritrositlərin və həmçinin hemoqlobinin miqdarını artırır, sümük iliyi fəaliyyətini yaxşılaşdırır. 1 kiloqram üzüm şirəsinin kalorisi 1, 5 kiloqram alma və ya şaftalı, 650 qram mal və ya balıq ətindəki kaloriyə bərabərdir.


Üzümün yarpaqları maddələr mübadiləsini normallaşdırır, iştahanı artırır. Giləmeyvələri sidikqovucu və iltihab əleyhinə təsir edir, tənəffüs yollarının selikli qişasında seliyin ifrazını artıraraq bəlğəmin xaric olmasını asanlaşdırır. Qurudulmuş üzüm ümumi möhkəmləndirici, qanyaradıcı, ödqovucu və iltihab əleyhinə təsirlərə malikdir.


Kosmetologiyada dəyməmiş üzümün şirəsindən dərini tonuslandıran, yumşaqlıq, elastiklik və təravəti artıran vasitə kimi istifadə edilir. Bunun üçün üzüm şirəsində isladılmış tənzif və ya pambıq 20-25 dəqiqə üz və boyun nahiyəsinə qoyulur, sonra dəri ilıq su ilə yuyulur, dəsmalla qurudulandan sonra dəriyə qidalandırıcı krem yaxılır.


Xəbər lenti