Xəzər Xəbər

Azərbaycanla Pakistan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Dünya | 10:10 • 14 Sentyabr 2017
Azərbaycanla Pakistan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin federal təhsil və peşəkar təlim naziri, UNESCO üzrə Pakistan Milli Komissiyasının sədri Məhəmməd Baliğ ur Rəhmanla görüşüb.

Görüşdə ölkələrimizin beynəlxalq və regional təşkilatlar çərçivəsində hər zaman bir-birinə göstərdiyi dəstək, Azərbaycan-Pakistan münasibətlərinin inkişafında iki ölkə rəhbərlərinin xüsusi səyləri vurğulanıb. Hər iki ölkə arasında mövcud olan səmərəli əməkdaşlıqdan və yüksək səviyyəli əlaqələrdən məmnunluq ifadə edilib, təhsil sahəsində müqavilə-hüquq bazasının təkmilləşdirilməsinin və həyata keçirilən layihələrin önəmi qeyd edilib.

Səfir təhsil sahəsində layihələrin daha da artırılması üçün münbit şəraitin olduğunu, Azərbaycanda pakistanlı tələbələrin sayının hər il artdığını, bu ay Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanış olmaları üçün seçilmiş beş pakistanlı tələbənin ölkəmizə bir həftəlik səyahətinin təşkil olunacağını, azərbaycanlı tələbə və mütəxəssislərin də Pakistanın təhsil müəssisələrində vaxtaşırı təcrübə kurslarına cəlb edildiyini bildirib.

Məhəmməd Baliğ ur Rəhman Azərbaycana səfərləri, şahidi olduğu nailiyyətlər barədə danışıb. O, azərbaycanlılarda Pakistana xüsusi münasibətin olduğunu bildirib. Nazir Azərbaycanla dostluq və qardaşlıq əlaqələrinin daha da inkişafının, iki ölkə arasında mövcud olan etimadın önəmli olduğunu bildirib. O, Pakistanın azərbaycanlı tələbələri hər zaman qəbul etməyə hazır olduğunu söyləyib, təhsil sahəsində əlaqələrin möhkəmlənməsinə xidmət edəcək bütün layihələrin dəstəklənəcəyini vurğulayıb. (AZƏRTAC)

Xəbər lenti