Yaxın günlərdə ölkənin 27 şəhər və rayonunda 436 çoxmənzilli binanın dam örtüyü təmir ediləcək. Bu işlər Prezident İlham Əliyevin 2 gün əvvəl imzaladığı sərəncama əsasən həyata keçiriləcək. Rayonlarda artıq ölçmə və digər işlərə start verilib.
Ölkədə 436 çoxmənzilli binanın dam örtüyü dəyişdiriləcək.
Prezident İlham Əliyev 2 gün əvvəl ölkənin şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən 27 şəhər və rayonda 436 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədi ilə ümumilikdə 21 milyon 194 min 760 manat ayrılıb. Damı təmir olunacaq binaların sayına görə ilk yerdə Gəncə şəhəri dayanır.
Şəhər İcra Hakimiyyəti tərəfindən məsələləri zamanında və effektiv həll etmək üçün artıq xüsusi komissiya yaradılıb. Komissiya dam örtüyü təmir ediləcək çoxmənzilli binaların siyahısını və işlərin həyata keçirilmə proqramını hazırlayacaq.
Təmir işləri ölkənin 3-cü böyük şəhəri olan Sumqayıtdan da yan keçməyəcək.
Damı dəyişdiriləcək 59 bina arasında 2-ci, 3-cü, 8-ci və 10-cu mikrarayonlarda, eləcə də 18-ci və 19-cu məhəllələrdə yerləşənlər də var. Bu işlər üçün Sumqayıta 2 milyon 992 min manat ayrılıb.
Yevlaxda isə 1 ədəd 40 mənzili, 5 mərtəbəli binanın dam örtüyü yenilənəcək. Bunun üçün 37, min manat vəsait ayrılıb.
Artıq binada ölçəmə işləri aparılıb.
Təmir işlərinin qısa müddətdə yekunlaşdırılması nəzərdə tutulub.