Azərbaycana məxsus 30-dan çox meyvə dolu yük avtomobilini Rusiya gömrük orqanları artıq yük səbəbi ilə saxlayıblar. Onlara Azərbaycana qayıtmağa da icazə verməyiblər. Sürücülər tonlarla meyvənin məhv olacağından narahatdırlar.
Xezerxeber.az-ın məlumatına görə, 30-dan çox meyvə yüklü və Azərbaycana aid olan avtomobillər Rusiya gömrüyü tərəfindən buraxılmayıb. Hadisə Azərbaycanın Rusiya ilə şimaldakı gömrük postunun Rusiyaya aid olan hissəsində baş verib.
Yük avtomobillərinin sürücülərinin "Xəzər Xəbər"in votsap nömrəsinə göndərdiyi məlumata görə, Rusiya Gömrük İdarəsi əməkdaşları tərəfindən onların saxlanmasına səbəb daşıdıqları yükün normadan artıq olmasıdır.
Sürücülər iddia edirlər ki, onların bəzilərinin yükü normadan 20 kq artıq, bəzilərinin yükü isə 50-100 kq artıqdır. Sürücülər geri qayıtmaq istəsələr də, Rusiya gömrüyü onları geri qayıtmağa da qoymayıb. Buna görə sürücülər yük maşınlarında olan meyvələrin qısa zamanda məhv olacağından narahatdırlar.
Məsələyə Dövlət Gömrük Komitəsi də münasibət bildirib. Qurumdan "Xəzər Xəbər"ə verilən məlumata görə, bu gün Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postundan keçərək Rusiya Federasiyasına müxtəlif təyinatlı yüklər aparan bəzi nəqliyyat vasitələrinin sərhədkeçmə prosesində problemlər yaranıb. Belə ki, həmin nəqliyyat vasitələrindəki yükün miqdarı çəki baxımından normadan artıq olduğundan Rusiya Federasiyasının müvafiq qurumları həmin avtomobilləri ölkə ərazisinə buraxmır. Nəticədə normadan artıq yük aparan nəqliyyat vasitələri Azərbaycan-Rusiya sərhədində gözləmək məcburiyyətində qalıblar.
Dövlət Gömrük Komitəsi bildirir ki, mövcud problem Azərbaycanın gömrük orqanlarının fəaliyyəti ilə əlaqədar deyil. Eyni zamanda bildirilib ki, komitənin müvafiq qurumları tərəfindən Rusiya Federasiyasına yük daşıyan nəqliyyat vasitələrinin sürücülərinə yükün miqdarına dair tələblərə ciddi şəkildə riayət edilməsi tövsiyə olunsa da, bəzi hallarda bu xəbərdarlıqlara məhəl qoyulmur.
Hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Rusiya Federasiyasının Federal Gömrük Xidməti və müvafiq qurumları ilə məsələnin həlli istiqamətində danışıqlar aparır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: