Xəzər Xəbər

Qarabağ atlarının Qarabağ həsrəti bitir VİDEO

Veb TV | 21:56 • 24 Noyabr 2020
Qarabağ atlarının Qarabağ həsrəti bitir

1993-cü ildə Ağdam rayonunun erməni təcavüzkarları tərəfindən işğal edilməsindən sonra Azərbaycanın milli sərvəti, yerli genefondumuzun əsaslarından olan Qarabağ atları köçkünlük həyatı yaşadı. Artıq o torpaqlar azaddır və Qarabağ atlar yenidən öz yurdlarına qaytarıla bilər. Hazırda təmizqanlı Qarabağ atları Ağcəbədidə inşa edilən müasir kompleksdə saxlanır


Ağdam atçılıq zavodu 27 il işğal altında qalsa da, Qarabağ at cinsləri qorunur. Milli sərvətimiz olan Qarabağ at cinsləri bu gün Ağcabədi rayonunda yerləşən Qarabağ Atçılıq Kompleksində saxlanır. Kompleksdə 200-ə yaxın təmizqanlı Qarabağ atı var.


Kompleksdə məşqçi işləyən Natiq Orucov deyir ki, bu atlar üçün Qarabağın iqlimi olduqca vacibdir.


Artıq Ağdam və elə rayonda yerləşən Qarabağ Atçılıq Zavodu vandal düşməndən təmizlənib. Bu isə o deməkdir ki, artıq Qarabağ atları yenidən məxsus olduğu iqlim şəraitinə qaytarıla bilər.


Natiq Orucov deyir ki, ola bilsin, bir müddət sonra bu atlardan bəziləri seçilərək yenidən köhnə Qarabağ Atçılıq Zavodu ərazisinə qaytarılsın.


Qeyd edək ki, Ağcabədədəki kompleks 35,5 hektar ərazidə inşa edilib və 2018-ci ilin noyabrında istifadəyə verilib. Kompleksdə bütün lazimi şərait yaradılıb. Hazırda burada 30-a yaxın şəxs çalışır. "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin nəzdində fəaliyyət göstərən Qarabağ Atçılıq Kompleksinin əsas fəaliyyət istiqaməti Qarabağ atlarının damazlıq-seleksiya işlərinin aparılması, təmizqanlı Qarabağ atlarının baş sayını artırmaqdır.


Xəbər lenti