Xəzər Xəbər

Fransa senatının separatizm sevgisi haradan qaynaqlanır? VİDEO

Veb TV | 20:51 • 21 Noyabr 2020
Fransa senatının separatizm sevgisi haradan qaynaqlanır?

Noyabr ayının 25-də Fransa senatı Qarabağdakı qondarma qurumu tanımağı Fransa hökumətinə tövsiyə edən qətnaməni müzakirə etməyə hazırlaşır. Qətnamənin hüquqi məcburiliyi olmasa da, bu addımın özü belə senatın separatizmi dəstəkləmək niyyətindən xəbər verir. Belə bir qətnamənin hazırlanması bir tərəfdən beynəlxalq qanunlara ziddir, digər tərəfdən isə Fransanın Minsk qrupunun həmsədri kimi vasitəçilik mandatına uyğun deyil.


ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa ermənipərəst mövqeyi və fəaliyyəti ilə təəssüf doğurur. Tarixi bir dönəmin yaşandığı bir vaxtda Fransa senatı indi də Qarabağdakı qondarma rejimi legitim qurum kimi tanımaq iddiasına düşüb. Senatın belə bir qətnaməni müzakirəyə çıxarmağa hazırlaşması beynəlxalq hüquqa zidd olmaqla yanaşı, ATƏT-in Minsk qrupunun həmsədri kimi mandatına da kölgə salır. Fransa senatı bu məsələ ilə bağlı müsbət qərar qəbul etsə belə, elə Fransa Konstitusiyasına görə bu qətnamənin icrası məcburi xarakter daşımayacaq. Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı beynəlxalq hüquqla qorunur və hansısa bir ölkənin orqanı bu müddəanı poza bilməz.


Doğrudur, qətnamə layihəsi Qarabağdakı qondarma "qurumun" tanınmasından daha çox, onun tanınmağa ehtiyacı olduğu iddiasına əsaslanır. Yəni, bu qətnamə ətrafında qaldırılan hay-küy erməni lobbisinin oyunundan başqa bir şey deyil. Millət vəkili Sevil Mikayolova deyir ki, belə bir qətnamənin müzakirəyə çıxarılma ehtimalı belə, Fransanın separatizmə dəstəyi kimi qiymətləndirilə bilər.

Fransanın hər zaman erməniləri dəstəkləyən ölkə olduğu məlumdur. Digər tərəfdən, Fransanın öz tarixinin də soyqırımlarla zəngin olması, xüsusilə də Əlcəzair və Ruandada silsilə qətliamlar törətməsi heç kimə sirr deyil. Fransa açıq-aşkar ermənipərəst və qərəzli mövqe nümayiş etdirməzdən əvvəl yaxşı olardı ki, işğaldan azad edilən Azərbaycan torpaqlarında ermənilərin törətdiyi vəhşiliklərə nəzər yetirsin.


Görünən odur ki, Fransa da daxil olmaqla bir sıra ölkələr Rusiya və Türkiyənin irəli sürdükləri təşəbbüsləri, münaqişənin həlli ilə bağlı atdıqları addımların praktiki nəticələrə səbəb olmasını həzm edə bilmirlər. Fransanın dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi ekspansionist siyasəti Cənubi Qafqazda da reallaşdırmaq cəhdləri onun demokratiya və humanizm idealları ilə pərdələnmiş simasını bir daha aydın nümayiş etdirir. Bununla da fransız siyasətçilər ilk növbədə öz maraqlarına zərbə vururlar. İstənilən halda bu Fransa hökumətinə və parlamentinə baş ucalığı gətirmir.


Xəbər lenti