Xəzər Xəbər

Bu gecədən karantin rejimi sərtləşdirilir VİDEO

Veb TV | 20:10 • 18 Oktyabr 2020
Bu gecədən karantin rejimi sərtləşdirilir

Bu gecədən karantin rejimi sərtləşdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən bu gecə saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır. Ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur. Metronun fəaliyyəti dayandırılacağından əsas yük yenə də sərnişin avtobusların üzərinə düşəcək. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, sərnişindaşıma fəaliyyəti əvvəlcədən hazırlanan nəqliyyat planına uyğun olaraq təşkil ediləcək. Ekspress xətlərin hərəkətində də dəyişiklik edilib.

Sanitar-epidemioloji vəziyyət, koronavirusa yoluxmuş aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə ölkə ərazisində karantin rejiminin sərtləşdirilməsi ilə bağlı bir sıra məhdudiyyətlər bu gecə saat 00 00dan qüvvəyə minəcək.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, metronun fəaliyyəti dayandırıldığından sərnişindaşıma fəaliyyəti əvvəlcədən hazırlanan nəqliyyat planına uyğun olaraq təşkil ediləcək. Ekspress xətlərin hərəkətində də dəyişiklik edilib.

Mais Ağayev qeyd edib ki, sərnişin təlabatına dair son statistik təhlilər əsas götürülərək sabahdan M9 və M10 ekspress xətlərin fəaliyyəti dayandırılacaq.

Mais Ağayev onu da əlavə edib ki, ölkəmizdə hərbi vəziyyətlə əlaqədar komendant saatının tətbiqini və xüsusi karantin rejiminin davam etməsini nəzərə alaraq daşımalar da məhz mövcud vəziyyətə uyğun təşkil olunur. ''Vətəndaşlarımızı növbəti dəfə məsuliyyətli davranaraq, hər iki cəbhədə, hər iki səngərdə düşmənə fürsət verməməyə çağırırıq. Hamılıqla xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenamızı gözləməliyik''-deyə Mais Ağayev vurğulayıb.

Xəbər lenti