Xəzər Xəbər

Bəzi müsəlman ölkələrinin Ermənistanla münasibətlər qurması anlaşılan deyil - VİDEO

Veb TV | 21:38 • 21 Sentyabr 2020
Bəzi müsəlman ölkələrinin Ermənistanla münasibətlər qurması anlaşılan deyil -

''Azərbaycan hər zaman İslam ölkələrinin birlik və bərabərliyi, həmrəyliyi və maraqlarının qorunması üçün öz dəstəyini əsirgəməyib''.

Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri millət vəkili Ramil Həsən Ermənistanla bəzi müsəlman ölkələrinin münasibət qurmasından danışarkən deyib.

O bildirib ki, bəzi müsəlman ölkələrinin Ermənistanla sıx təmaslar qurması Azərbaycan dövlətinin və cəmiyyətinin haqlı etirazlarına səbəb olur. Çünkü bəzi ölkələr nəinki əlaqə, hətta Ermənistanı silahlandırmaqda davam edir. Bəzi müsəlman ölkələrinin Ermənistanla ildən-ilə istiləşən münasibəti İslam konsepsiyası ilə ziddiyyət təşkil edir.

Bununla yanaşı Ermənistanın özünü guya müsəlman ölkələrinin dostu kimi təqdim etməyə çalışmasına yol verilməməlidir. Üstəlik, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində dini-mədəni abidələrə qarşı həyata keçirdiyi vandalizm müsəlman ölkələri tərəfindən qınanmalıdır. Çünkü indiki vəziyyətdə Ermənistanda islamafobiya və İslam dininə təhqiramiz münasibət açıq-aydın özünü göstərir. Məhz buna görə də islamafobiyanın dövlət siyasəti olduğu Ermənistanla bəzi müsəlman ölkələrinin münasibətlər qurması anlaşılan deyil.

Müsəlman dünyasının fəal üzvü olan Azərbaycan daim beynəlxalq təşkilatlarda müsəlman ölkələrinin maraqlarını müdafiə edir və onlara köməklik göstərir. Azərbaycan həmin ölkələrlə müqayisədə həmrəyliyi sözdə yox, əməldə nümayiş etdirir. Uğursuz ölkə sayılan Ermənistanla əməkdaşlıq isə heç bir müsəlman ölkəsinə fayda verə bilməz.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti