Xəzər Xəbər

Ermənistanın təxribatlarına layiqli cavab verilir - VİDEO

Veb TV | 21:10 • 21 Sentyabr 2020
Ermənistanın təxribatlarına layiqli cavab verilir -

Ermənistan silahlı qüvvələrinin cəbhədə fəallaşması və ard-arda təxribatlar törətməsi onların yeni işğal planları qurmalarından xəbər verir. Ancaq təxribatçıların səyləri heç bir nəticə verməyəcək.

Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri millət vəkili Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, Ermənistanın cəbhədə həyata keçirdiyi təxribatları analiz etdikdə məlum olur ki, onlar böyük müharibəyə hazırlaşırlar.

Görünən odur ki, düşmən indiyə qədər Azərbaycan tərəfindən aldığı cavablardan nəticə çıxarmaq istəmir. İstər Naxçıvan istiqamətində Günnüt əməliyyatı zamanı, istərsə də Tovuz rayonu istiqamətində törədilən təxribata Azərbaycan Ordusunun cavabı kəskin oldu. Elə buna görə də bu məsələni həzm edə bilməyən Paşinyan revanş əldə etmək planları qurur.

Avqust ayının 23-də Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant Qurgen Alaverdyanın Azərbaycan hərbçiləri tərəfindən əsir götürülməsi də Ermənistanı yenidən təxribat törətməyə vadar edir. Elə bunun nəticəsidir ki, Ermənistanın hərbi-siyasi dairələri Azərbaycanın iri yaşayış məntəqələrinin və Mingəçevir SES kimi strateji əhəmiyyətli mülki obyektlərinin "hərbi hədəf" kimi nəzərdən keçirildiyinə dair bəyanat verir, həmçinin işğal edilmiş ərazilərindəki qanunsuz rejimin qondarma "başçısı" vasitəsilə Gəncə şəhərinə hərbi zərbə endirməklə təhdid etməyə cəhd göstərir.

Millət vəkili onu da qeyd edib ki, bu gün Azərbaycan Ordusu müasir silahlarla tam təchiz olunub və düşmənin təxribatlarına layiqincə cavab verir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti