Xəzər Xəbər

Azərbaycan Ordusunun şəhid olan hərbçisi dəfn edilib - VİDEO

Veb TV | 21:20 • 21 Sentyabr 2020
 Azərbaycan Ordusunun şəhid olan hərbçisi dəfn edilib  -
Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Məmmədov Elşən Əli oğlu dəfn edilib. 

Xezerxeber.az-ın məlumatına görə, Elşən Məmmədov doğulduğu Tovuz rayonunun Qaziqulu kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyəti iştirak edib. Şəhid hərbçimiz yaylım atəşi sədaları altında dəfn edilib. Onun tabutunun büküldüyü üçrəngli Azərbaycan bayrağı isə övladına təqdim edilib.

Elşən uşaq vaxtlardan hərbçi olmaq istəyib. Hərbçi olaraq hərbi xidmət boyunca da göstərdiyi şücaətlərlə hər zaman diqqət mərkəzində olmağı bacarıb.

Şəhidin uşaqlıq dostu bildirib ki, Elşən onlarla sonuncu görüşündə "şəhid olacam deyəsən, hiss edirəm" deyib.

Şəhid kiçik çavuş Elşən Məmmədov 6 ildən çoxdur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Vətənin keşiyini çəkib. 38 yaşlı şəhid hərbçimiz ailəli olub, ondan bizə üç oğul övladı əmanət qalıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti