Xəzər Xəbər

Orduya dəstək yürüşü xoşagəlməz sonluqla bitdi - Parlament binası və polis maşınlarına ziyan vurulub - VİDEO

Veb TV | 14:05 • 15 İyul 2020
Orduya dəstək yürüşü xoşagəlməz sonluqla bitdi -

Ötən gecə Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi. Aksiya iştirakçıları şəhər boyu "Şəhidlər ölməz, vətən bölünməz!", "Qarabağ bizimdir, bizim olacaq!" və digər bu kimi şüarlar səsləndiriblər.

Xezerxeber.az-ın məlumatına görə, insanlar əvvəlcə Azadlıq Meydanında toplaşıblar, daha sonra isə şəhərin müxtəlif istiqamətlərindən yürüş edərək Milli Məclisin qarşısına gəliblər. Orada da vətənpərvərlik şüarları səsləndirən vətəndaşlar, hətta səfərbərlik elan olunmasını belə istəyirdilər.

Nə polisin aksiyaya müdaxilə etmək, nə də vətəndaşların gərginlik yaratmaq niyyətləri var idi. Hətta, polislər insanların yürüş etdiyi yollarda nəqliyyatın hərəkətini dayandıraraq təhlükəsizliyi təmin etmişdi. Milli Məclisin qarşısında isə vətəndaşlar polisə dəstək şüarları da səsləndirirdilər.

Gecə saat 03 radələrində Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov və Müdafiə Nazirliyinin rəsmiləri kütlə qarşısına çıxaraq orduya dəstəklərinə görə vətəndaşlara təşəkkür etdilər. Rəsmi şəxslərin getməsi ilə bir neçə təxribatçı aranı qarışdırıb və bununla da gərginlik yaranıb. Burada polisin güc tətbiq etmədiyini görən bir qrup şəxs isə seçimi parlament binasına girməkdə və binaya ziyan vurmaqda görüb. Belə olduqda isə polis onlara içəridən çıxmaları barədə xəbərdarlıq edib. Heç bir nəticəsi olmadığı üçün polis əməkdaşları binaya daxil olaraq, parlamenti zəbt etməyə çalışanları oradan çıxarıblar.

Parlament binasının qarşısındakı meydan da müxtəlif vasitələrlə boşaldılıb. Mehdi Hüseyn küçəsi ilə hərəkət edən bir qrup aksiyaçı yol kənarındakı avtobusların və 10-a yaxın polis maşınının şüşələrini qırmaqla xeyli ziyan vurublar. Hətta bir neçə polis maşını aşırdılaraq yararsız hala salınıb. Çox təəssüf ki, orduya dəstək məqsədilə başlayan aksiya 5-ci kolonun müdaxiləsi ilə bu cür xoş olmayan sonluqla bitdi. Bu cür vətənpərvər aksiya belə nəticələnməməli idi. Çünki, hazırda biz təkcə cəbhədə döyüşmürük, həm də informasiya müharibəsi aparırıq. Ermənilər də bütün saytlarımızı və sosial şəbəkələrimizi izləyərək bu cür hadisələrdən öz məqsədləri üçün istifadə edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti