Xəzər Xəbər

Zəbt olunmuş ərazidə tikilmiş ev neft borusundakı qəzanın aradan qaldırılmasına mane olub - VİDEO

Veb TV | 20:17 • 3 İyul 2020
Zəbt olunmuş ərazidə tikilmiş ev neft borusundakı qəzanın aradan qaldırılmasına mane olub -

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin əməkdaşları 700 mm-lik Böyükşor-Sumqayıt neft boru kəmərinin Sumqayıt şəhəri, Yeni Yaşayış Massivi, BTZ bağlarından keçən 31,8-ci kilometrliyində sızma aşkar edib.


Əraziyə dərhal şirkətin Neft Kəmərləri İdarəsinin "Abşeron” İstehsalat Bölümünün qəza-bərpa briqadası cəlb edilib. Əraziyə baxış keçirilən zaman boru kəmərinin sızma baş verən hissəsinin vətəndaş Nəsibov Ehtiram Qənimət oğlu tərəfindən zəbt olunduğu müəyyənləşdirilib. Boru kəmərinə cəmi 1-2 metr məsafə tikilən ev qəzanın aradan qaldırıması zamanı xüsusi texnikaların işləməsini xeyli çətinləşdirib. Bununla belə həyatyanı sahəyə axan neft sızıntısının toplanması üçün çuxur qazılıb, xüsusi vakumlu avtomobil vasitəsilə neft bu çuxurdan götürülüb. Daha sonra borunun qəza baş verən hissəsi müəyyənləşdirilərək təmir olunub.

Ev sahibi Ehtiram Nəsibov deyib ki, evi 1994-cü ildə tikib və ərazidən neft kəmərinin keçməsindən xəbərsiz olub.

Məsələ ilə bağlı açıqlama verən Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin "ABŞERON" istehsalat bölməsinin rəisi Nizami Qafarov bildirib ki, sözügedən kəmər Bakının Dübəndi qəsəbəsinə qədər uzanır, bir çox yerlərdə, o cümlədən Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrində fərdi yaşayış evləri ilə əhatə olunub. Nəticədə təhlükəsizlik işçiləri kəmərin vəziyyətini vaxtlı-vaxtında yoxlaya bilmirlər.

SOCAR-ın təhlükəsizlik idarəsi rəisinin müşaviri Səbuhi Şəldiyev qəzanın səbəblərinin araşdırıldığını bildirib.

Qeyd edək ki, boru kəmərlərinin mühafizə zonasının müəyyən edilməsinə dair Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli qərarı mövcuddur. Qərara əsasən, boru kəmərlərinin hər tərəfindən 50 metr mühafizə zonası müəyyən olunur. Bu zonada tikinti işlərinin aparılması qadağan edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti