Xəzər Xəbər

İnsanlar koronavirusa daha çox ictimai yerlərdə yoluxurlar - VİDEO

Veb TV | 21:15 • 30 İyun 2020
İnsanlar koronavirusa daha çox ictimai yerlərdə yoluxurlar -

Son vaxtlar koronavirusun yayılmasında artım dinamikasının təhlili göstərir ki, insanlar əsasən iş yerlərində, ictimai nəqliyyatda, kütləvi məkanlarda virusa yoluxurlar. Buna səbəb isə qoyulan qaydalara əməl edilməməsidir.

Xezerxeber.az-ın məlumatına görə, terapevt Nahid Məhərrəmov bildirib ki, xəstəliyin ilkin simptomları olan bəzi şəxslər tibbi xidmətə müraciət etmək əvəzinə, adi həyata davam edirlər, bəzi hallarda özlərini müalicə etməyə çalışırlar. Bununla da həm özlərinin vəziyyətini ağırlaşdırır, həm də digərlərini yoluxdururlar. Digər bir problem isə vətəndaşların virusa yoluxmuş qohumlarını, qonşularını ziyarət etmələridir.

Terapevt vurğulayıb ki, hələ də bəzi vətəndaşlar koronavirus pandemiyasına şübhə ilə yanaşır, müxtəlif konspiroloji nəzəriyyələrin təsiri altında zərərli fikirlər bölüşür, özü, yaxınları, ətrafı üçün ciddi təhlükə yaratmaqda davam edirlər.

Nahid Məhərrəmovun sözlərinə görə, karantin rejiminin yumşaldılmasından sonra müşahidə olunan artım ilk növbədə məsuliyyətsiz davranış, tətbiq olunan qaydalara, tələb və tövsiyələrə riayət etməməklə bağlıdır.

Həkim vurğulayıb ki, ehtiyac olmadığı təqdirdə ictimai yerlərdən istifadə edilməməlidir.

Ekspertlər bildirirlər ki, mövcud pozuntuların miqyasını azaltmaq və karantin rejimi dövründə daha təsirli nəticələr əldə etmək üçün iş yerlərində sayların azaldılması, növbəli və məsafəli iş rejiminin tətbiqi zəruridir. Bununla yanaşı ictimai yerlərdə müştərilərin hərarətinin ölçülməsi prosedurlarına və tibbi maskadan istifadəyə nəzarət daha da gücləndirilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar