Xəzər Xəbər

Ağdaş və Mingəçevirdə ağır qəzalar - 1 ölü, 13 yaralı var - VİDEO

Veb TV | 19:09 • 24 May 2020
Ağdaş və Mingəçevirdə ağır qəzalar -

Ağdaşda minik avtomobilinin ağaca çırpılması ölümlə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, ağır qəza Bakı-Şamaxı-Yevlax yolunun Ağdaşın Xosrov kəndindən keçən hissəsində baş verib.

Rayonun Aralbir kənd sakini, 43 yaşlı Niyaz Gərayev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən sükana nəzarəti itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində minik avtomobili iki hissəyə bölünüb. Sürücü isə hadisə yerində dünyasını dəyişib.

Mingəçevirdə isə minik avtomobilinin kütləyə çırpılması nəticəsində 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb. Hadisə "Şəfa" bağlar massivində baş verib. İdarəetmədən çıxan minik avtomobili əksəriyyəti uşaqlar olan küçə sakinlərini vurub. Şahidlərin və zərərçəkənlərin yaxınlarının sözlərinə görə, qəzanı avtomobil sürməyi öyrənən qadın sürücü törədib.

Xəsarət alanlar Mingəçevir şəhər xəstəxanasına yerləşdiriliblər. 5 yaşlı Səccad Məmmədli və 10 yaşlı Ramal Salahzadə kəllə-beyin travması alıblar, vəziyyətləri ağırdır. 10 yaşlı Nuran Şirinov və 5 yaşlı Mehdi Dostməmmədovun vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Səccad Məmmədlinin durumu daha ağırdır və onun Bakıdakı xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulur.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti