Xəzər Xəbər

Övladlığagötürmənin yeni qaydaları müəyyənləşib - VİDEO

Veb TV | 19:34 • 29 Fevral 2020
Övladlığagötürmənin yeni qaydaları müəyyənləşib -

Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası” ölkəmizdə övladlığagötürmə sahəsində idarəetmənin müasir səviyyədə və innovativ əsaslarda təşkilinə, uşaqların yeni ailələrdə yaşaması və inkişafına nəzarətin gücləndirilməsinə xidmət edir.

Xezerxeber.az-ın məlumatına görə, Qaydada valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin vahid uçotunun elektron qaydada aparılması, övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsi, habelə övladlığagötürmənin ləğvinin tələb edilməsi və övladlığagötürmə sahəsində monitorinq aparılması qaydaları müəyyən edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin övladlığa götürmə siyasəti şöbəsinin müdir müavini Tokay Bayramovun sözlərinə görə, sistem tam avtomalaşdırılmış şəkildə fəaliyyət göstərəcək.

Nazirlik rəsmisinin sözlərinə görə, hazırda övladlığa götürülmək üçün gözləyənlərin sayı 30 nəfərə yaxındır. Valideyn olmaq üçün müraciət edənlərin sayı isə 300 nəfərdən çoxdur.

Şəxsi kabinet açmaq üçün isə vətəndaşlar ASAN imza, elektron imzadan istifadə etməlidirlər. Bundan əlavə uşaqlar namizədlərə verilməzdən öncə ailənin maddi-məişət şəraiti, ailənin tərkibi, ailə üzvlərinin sağlamlığı, ailədəki münasibətlər, valideyn-namizədin valideynlik bacarıqları tam yoxlanılacaq. Qaydalarda uşaqları götürmək üçün namizəd ola biləcək şəxslər müəyyən edilən yaşdan aşağı olmamalıdırlar.

Daha önəmli bir məqam isə uşaqların ailələrə verilməsi prosesidir.

Bundan əlavə uşaq 18 yaşına çatanadək övladlığa götürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onun ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji inkişaf səviyyəsinin öyrənilməsi məqsədilə nazirlik monitorinqlər aparacaq. Bu zaman ailənin yaşayış şəraiti, maddi vəziyyəti, övladlığa götürülmüş uşağın və onu övladlığa götürmüş şəxsin sağlamlıq vəziyyəti, həmçinin ailədə uşağa qulluq və qayğı vəziyyəti nəzərə alınacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti