Xəzər Xəbər

Xəzəri ən çox çirkləndirən axarlar bu ərazidədir VİDEO

Veb TV | 19:21 • 21 Fevral 2020
Xəzəri ən çox çirkləndirən axarlar bu ərazidədir

Xəzər dənizinin çirklənməsinə səbəb olan bəzi axarlar məlum olub. Aparılan araşdırmalar zamanı bəlli olub ki, ən çox çirklənməyə məruz qalan ərazi Suraxanı rayonudur. Çirklənmənin normadan çox olması bir sıra xəstəliklərin yaranmasına səbəb ola bilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi aidiyyatı müəssisələrə xəbərdarlıq edib.

Xəzər dənizini ən çox çirkləndirən axarlar məlum olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən növbəti monitorinq Abşeron yarımadasının Xəzər sahili ərazilərində keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb. Monitorinqlərin nəticəsinə görə, Xəzəri ən çox çirkləndirən axarların Suraxanı rayonu ərazisində formalaşdığı məlum olub.

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisi Nərmin Babaşovanın sözlərinə görə, qəsəbədə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmadığından müəssisə və təşkilatlarda, fərdi yaşayış evlərində formalaşan tullantı sular bir neçə axar vasitəsilə birbaşa Xəzər dənizinə tökülür. Nəticədə Xəzərə axıdılan tullantı sularda kimyəvi və bioloji çirkləndiricilərin, bağırsaq çöpü bakteriyalarının miqdarı normadan çoxdur.

Nərmin Babaşova onu da qeyd etdi ki, tullantı sularının təmizlənmədən su hövzələrinə axıdılmaması üçün müəssisə və təşkilatların rəhbərlərinə təmizləyici qurğuların quraşdırılması məqsədilə xəbərdarlıqlar edilib və bildiriş məktubları göndərilib.

Xəbər lenti