Xəzər Xəbər

Zaqatala xəstəxanasında sıxlıq yaşanır - VİDEO

Veb TV | 18:32 • 29 Yanvar 2020
Zaqatala xəstəxanasında sıxlıq yaşanır -

Zaqatala rayon Mərkəzi Xəstəxanasında bir neçə gündür ki, həddindən artıq sıxlıq yaşanır.

Xezerxeber.az-ın məlumatına görə, vətəndaşlar xəstəxanada indiyə qədər heç vaxt belə bir sıxlığın yaşanmadığını bildirirlər.

Onların sözlərinə görə, sıxlığa səbəb icbari tibbi sığorta ilə bağlı kartların paylanması zamanı xidmət göstərən personal sayının az olmasıdır. Sıxlığın yaranmasının səbəblərindən biri də həkimlərin sayının azlığı göstərilir.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Xəzər Xəbər"ə açıqlama verib.

Agentliyin şöbə müdiri Murad Mirzəyev bildirib ki, sıxlığın yaranmasının səbəbi çox sayda vətəndaşın müraciət etməsi ilə bağlıdır. Ancaq Agentlik artıq bu problemi müasir metodların tətbiqi ilə həll edib.

Murad Mirzəyev Zaqatalada, eləcə də digər bölgə xəstəxanalarında həkim çatışmazlığının həqiqətən reallıq olduğunu, ancaq bunun həlli ilə bağlı işlərin aparıldığını vurğulayıb.

Agentlik rəsmisi onu da bildirib ki, vətəndaşların növbəsinə durduğu kartlar ödəmələrin həyata keçirilməsi üçün Beynəlxalq Bankın verdiyi kartlardır. Həmin kartları vətəndaşlar banklara da yaxınlaşıb əldə edə bilərlər.

Qeyd edək ki, sosial şəbəkələrdə bəzi şəxslər tərəfindən icbari tibbi sığortanın bölgələrdə cəmi 3 ay davam edəcəyi ilə bağlı iddialar yer alır. Bu isə vətəndaşlarda çaşqınlığın yaranmasına və çoxlu sayda insanın eyni anda xəstəxanalara üz tutmasına səbəb olur.

Onu da əlavə edək ki, icbari tibbi sığortanın ölkə üzrə tətbiqi hansısa müddətlə məhdudlaşmır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti