Xəzər Xəbər

Onlayn turpaket alan vətəndaşlar turizm şirkətinin dələduzluğu ilə üzləşib - VİDEO

Veb TV | 19:16 • 27 Yanvar 2020
 Onlayn turpaket alan vətəndaşlar turizm şirkətinin dələduzluğu ilə üzləşib  -

Gürcüstana gəzməyə getmək istəyən iki qadın turizm şirkətinin dələduzluğu ilə üzləşib. Onlar onlayn qaydada turpaket alıblar, ancaq bu yolla istirahət arzuları ürəklərində qalıb.

Xezerxeber.az-ın məlumatına görə, Kəmalə Xəlilova adlı paytaxt sakini iddia edir ki, bir rəfiqəsi ilə Gürcüstana getmək üçün ''Golden World Travel'' adlı turizm şirkətindən yanvar ayının 24-ü üçün turpaket alıblar. Ödənişi isə onlayn qaydada özünü turizm şirkətinin rəhbəri kimi təqdim edən Mustafayev Elmir Müşfiq oğlunun fərdi hesabına köçürüblər. Deyilən vaxtda ünvana gələn qadınlar nə avtobusu, nə də Gürcüstana gedənləri tapıb.

İndi qadınlar baş tutmayan səfər üçün ödədikləri pulu geri ala bilmirlər. Həmin şəxslərlə biz də əlaqə saxlamaq istəsək də, mümkün olmadı.

Mütəxəssislər isə bu kimi hallar zamanı vətəndaşları diqqətli olmağa çağırırlar.

Ekspert Rəhman Quliyev deyir ki, alınan turpaketlər üçün ödənişlər fərdi hesablara deyil, turizm şirkətlərinin hesabına köçürülməlidir. Çünkü fərdi hesablara köçürülmə zamanı aldanma ehtimalı daha çox olur.

Mütəxəssis onu da qeyd edir ki, belə hallarla qarşılaşan vətəndaşlar hüquq-mühafizə orqanlarına və Dövlət Turizm Agentliyinə müraciət edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti