Xəzər Xəbər

Küləkli hava ilə əlaqədar bir sıra qurumlar təhlükəsizlik tədbriləri görür - VİDEO

Veb TV | 20:14 • 21 Sentyabr 2019
Küləkli hava ilə əlaqədar bir sıra qurumlar təhlükəsizlik tədbriləri görür -

Ölkə ərazisində hökm sürən küləkli hava ilə əlaqədar bəzi qrumlar təhlükəsizlik tədbriləri görür.

Xezerxeber.az-ın məlumatına görə, dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə 500-dən çox neftçi təxliyyə edilib.

Bu barədə ''SOCAR''dan məlumat verilib. Sentyabrın 21-22-də hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib. Bildirilib ki, bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər dayandırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub.

Hava və dəniz nəqliyyatları vasitəsi ilə artıq 500-dən çox neftçi sahilə çıxarılıb. Məlumatda deyilir ki, mümkün fövqəladə vəziyyətlə əlaqədar mövcud vəziyyət daimi nəzarət altındadır. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir.

''Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi'' QSC-nin donanmasına aid Xəzərdə üzən bütün gəmilərə sabah günün ikinci yarısına qədər Xəzər dənizi akvatoriyasında gözlənilən küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq göndərilib. Məlumata görə, hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması bildirilib. Küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları və gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb.

Bu arada, Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb. Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, şimal- qərb küləyinin sürəti Sumqayıtda 34 m/s, Bakıda 35 m/s-dək güclənib. Dalğanın hündürlüyü 3,8 metrə çatıb.

Bakıda müşahidə olunan küləkli hava şəraiti ilə Bakı Nəqliyyat Agentliyi də sərnişinlərə xəbərdarlıq edib. Agentlikdən verilən məlumata görə, qurum bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edib. Sərnişinlərdən xahiş edilib ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir. Sürücülərə tövsiyə edilir ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl edilsin.

Bakı şəhər İcra Hakimiyyəti də güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib. Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib ki, bu gün səhər saat 9 radələrində birlik gücləndirilmiş iş rejimində çalışır. Küləyin fəsadlarının aradan qaldırılması üçün əlavə qruplar yaradılıb. Bu gün şəhərin Nəsimi, Yasamal, Nərimanov və Nizami rayonlarında olmaqla 6 ağac aşıb. Aşan ağaclar birlik əməkdaşları tərəfindən ərazidən götürülüb. Maddi və ya insan təlafatı yoxdur. Orxan Məmmədov sürücülərdən xahiş edir ki, avtomobillərini hündür və irigövdəli ağacların altında park etməsinlər. Həmçinin sakinlərdən küləkli hava şəraiti ilə əlaqədar ağacların altından keçərkən diqqətli olmaları tövsiyə edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti