Xəzər Xəbər

Meyvə-tərəvəz niyə bahadır? - Bazarla sahədəki qiymət arasında kəskin fərq var - VİDEO

Veb TV | 20:33 • 25 Avqust 2019
Meyvə-tərəvəz niyə bahadır? -

Sahələrdə ucuz qiymətə satılan kənd təsərrüfatı məhsulları paytaxt bazarlarında dəfələrlə baha qiymətə təklif olunur. Təkcə qarpızın qiymətində bu fərq 8 dəfəyə qədər artır.

Xezerxeber.az-ın məlumatına görə, Bakı bazarlarına bölgələrdən gətirilərək satılan kənd təsərrüfatı məhsullarının satış qiymətində kəskin fərqlər müşahidə olunur. Hər bir məhsulun daşınma xərci onun qiymətinin üzərinə əlavə olunmalıdır və bu hal başadüşüləndir. Ancaq bəzən məhsulun sahədəki qiymətindən 8 dəfə baha satılmasını heç nə ilə izah etmək mümkün deyil.

Məsələn, paytaxt bazarlarında qarpızın qiyməti 40 qəpik civarındadır. Ancaq bölgələrdə qarpız Bakıda satılandan 8 dəfə daha ucuz qiymətə, yəni bir kilosu 5 qəpikdən başlayaraq satılır. Bunu elə Sabirabadda qarpız istehsal edən yerli fermerlər özləri də təsdiqləyirlər.

Soğanın isə Bakı bazarlarında satış qiyməti 50 qəpikdən başlayır. Bölgələrdə isə soğanı adətən kisə ilə satırlar və 35 kiloqramlıq kisənin qiymətini 5 manatdır. Bu məbləğ həmin məhsulun kilosunun 14 qəpik olduğunu göstərir.

Kartofun qiymətində də fərq 2-3 dəfə arasında dəyişir. Məsələn, Bakı bazarlarında kartof 80 qəpik 1 manata satılır. Amma bölgələrdə sahədə kartofun qiyməti 20 qəpikdən başlayır.

Sarımsağın qiymətində də paytaxtla rayonlar arasında 3-4 dəfəlik fərq var.

Ekspertlər isə hesab edir ki, qiymətlər arasındakı böyük fərqi daşınma və bazarlardakı yer icarəsi ilə izah etmək mümkün deyil. Çünki bu xərclər ümumilikdə məhsulun maya dəyərini 50 faizədək artıra bilər. Qiymətin bu qədər fərq etməsinin əsas səbəbi isə arada vasitəçilik edən möhtəkirlərdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti