Xəzər Xəbər

Hacıqabul, Qax, Salyan və Göyçayda ağır qəzalar - 5 ölü, 24 yaralı var - VİDEO

Veb TV | 18:42 • 11 Avqust 2019
Hacıqabul, Qax, Salyan və Göyçayda ağır qəzalar -

Əsgər yanına gedən ailələr qəzaya uğrayıb. Hacıqabulda avtobus və minik avtomobilinin toqquşaraq aşaması nəticəsində 19 nəfər yaralanıb.

Xezerxeber.az-ın məlumatına görə, avtoqəza rayonun Muğan kəndi ərazisində qeydə alınıb.

Cəbrayıl rayon sakini Rüfət Qafarovun idarə etdiyi mikroavtobus paytaxtdan Gəncə istiqamətində hərəkətdə olan zaman Qalib Rzazadənin idarə etdiyi minik maşını ilə toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Qəza nəticəsində hər iki maşında olan 19 sərnişin xəsarət alıb.Yaralılardan 9 nəfər Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına,10 nəfər isə Şirvan Şəhər Xəstəxanasına aparılıb. Xəsarət alanlar arasında azyaşlı olan da var.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Qeyd edək ki, mikroavtobusda olan sərnişinlər Gəncə şəhərinə əsgər yanına gedirmişlər.

Qaxda da ağır yol-nəqliyyat hadisəsi baş verib. Zaqatala istiqamətində hərəkətdə olan minik avtomobili digər minik avtomobili ilə toqquşub. Nəticədə sürücü Akif Ağayev, onun həyat yoldaşı Leyla Ağayeva və bacısı oğlu Tural Nəzərov hadisə yerində dünyasını dəyişiblər. Avtomobildə olan sürücünün qızı Asya Ağayeva, həmçinin digər avtomobildə olan Zaqatala sakinləri Sevda Mirzəyeva və Çağrı Kərimzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Onların vəziyyəti orta-ağır qiymətləndirilir. Məlumata görə, qəzada həlak olan Akif və Leyla Ağayevlər hərbi xidmətdə olan övladlarının andiçmə mərasiminə gedirlərmiş.

Faktla bağlı araşdırmalara aparılır.

Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində də ölümlə nəticələnən qəza olub. Avtomobillərin toqquşması nəticəsində bir ailənin üç üzvü -Yardımlı rayon sakinləri 28 yaşlı İntizar Bağırova, həyat yoldaşı 29 yaşlı Coşqun Yarıyev və onların övladı 9 yaşlı Sadiq Yarıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.

Göyçaydakı qəza da ölümlə nəticələnib. Bığır kəndində Xəyal Məmmədov və Bulud Abışovun idarə etdiyi iki minik maşınının toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Xəstəxanaya aparılan yaralılardan biri, sürücü 56 yaşlı Bulud Abışov dünyasını dəyişib, Xəyal Məmmədov, Tapdıq Azakov, Şamo Nəbiyev isə ağır bədən xəsarətləri ilə Reanimasiya və Travmatologiya şöbələrinə yerləşdirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti