Xəzər Xəbər

Ağcabədi və Lənkəranda oğurluq olub - saxlanılanlar var - VİDEO

Veb TV | 18:35 • 25 İyul 2019
Ağcabədi və Lənkəranda oğurluq olub -

Ağcabədidə heyvan oğurluğu ilə məşğul olan dəstə saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, Ağcabədinin Kəbirli kənd sakini Elməddin Quliyev Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə müraciət edərək ona məxsus tövlədən 5400 manat dəyərində 18 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə məlumat verib.

Həmin kəndin sakini Zakir Musayev isə rayon polis şöbəsinin ərizə ilə müraciət edərək bildirib ki, yaşayış evinin həyətindəki tövlədən ümumi dəyəri 1000 manat olan 5 baş qoyun oğurlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, oğurluğu Bakı şəhər sakini Emin Abbasov, onun dostu, Agcabədi sakini Elnur Musayev və Məhəmməd Mirzəyev törədib.

Onlar heyvanları Aftandil Tağıyevə məxsus yük maşını ilə apararaq Sabirabad ərazisindəki fermada Elxan Mirzəliyevə satıblar. Onların 5-i də tutularaq istintaqa cəlb edilib.

Lənkəranda isə bir gecədə iki kənddə oğurluq olub. Naməlum şəxs və ya şəxslər rayonun Kənarmeşə kəndində Malik Kazımova məxsus dükanın pəncərəsinin dəmir barmaqlıqlarını qıraraq içəri daxili olublar. Mağazadan xeyli nağd pul, siqaret və spirtli içkilər oğurlanıb.

Aşağı Nüvədi kəndində isə çayxanadan oğurluq edilib. Pəncərəsindən içəri daxil olan şəxs və ya şəxslər oradan televizor və peyk antennasının qurğusunu götürməyə cəhd ediblər. Televizoru əllərindən yerə salıb qırdıqda isə, onu orada qoyaraq qaçıblar.

Hər dörd faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti