Xəzər Xəbər

Ədəbi dil normalarının pozulmasına görə cərimə tətbiq ediləcək - VİDEO

Veb TV | 19:43 • 24 İyul 2019
Ədəbi dil normalarının pozulmasına görə cərimə tətbiq ediləcək -

Azərbaycanda ədəbi dil normalarının pozulmasına görə cərimələrin tətbiq edilməsi barədə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nazirlər Kabinetinə verdiyi təklif qəbul edilib.

Xezerxeber.az-ın məlumatına görə, cərimələrin yeni yaradılacaq Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən tətbiq edilməsi nəzərdə tutulur. Mərkəzin noyabr ayında fəaliyyətə başlayacağı gözlənilir. İnstitutun direktor müavini Baba Məhərrəmli bildirib ki, cərimələrin tətbiqi müasir dövrün tələbidir.

Monitorinq Mərkəzi afişa, reklam və elanlarda normaların pozulması hallarının aradan qaldırılması üçün qurumlara göstərişlər verəcək, təbliğat işləri aparacaq. İnstitutun direktor müavini bildirib ki, tətbiq ediləcək cərimələr mahiyyət etibarilə digər cərimələrdən heç nə ilə fərqlənməyəcək.

Baba Məhərrəmli onu da qeyd edib ki, cərimələrin miqdarı hələlik bəlli dəyil. Bu, Monitorinq Mərkəzi fəaliyyətinə tam olaraq başlayandan sonra dəqiqləşəcək.

Qeyd edək ki, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Prezidentin fərmanına əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılacaq. Mərkəz Azərbaycan dilinin tətbiqinə nəzarət edəcək, o cümlədən kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti