Xəzər Xəbər

“Instagram”da tanış olaraq oğurluqlar edən dəstə üzvləri saxlanılıblar - VİDEO

Veb TV | 19:12 • 19 İyul 2019
“Instagram”da tanış olaraq oğurluqlar edən dəstə üzvləri saxlanılıblar -

Daxili İşlər Nazirliyi (DİN) Baş Mühafizə İdarəsinin canlı qüvvə və texniki vasitələri ilə qorunan obyektlərin, eləcə də xüsusi mülkiyyətlərin təhlükəsizliyi 24 saat ərzində etibarlı şəkildə təmin edilir.


DİN-in Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, bunu sübut edən hadisələrdən biri Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. Gecə saatlarında qəsəbə ərazisində xüsusi texniki avadanlıqla qorunan marketlərdən birindən Mərkəzi Mühafizə Məntəqəsinə "Həyəcan” siqnalı daxil olub. Sabunçu Mühafizə İdarəsinin əməkdaşları dərhal hadisə yerinə yollanıblar. Obyektin qapısının sındırıldığı müəyyən edilib. Bu zaman həmin ərazidən "Moskviç 21406” markalı maşının uzaqlaşması polislərdə şübhə oyatdığından həmin nəqliyyat vasitəsi təqib edilərək saxlanılıb.


Avtomobilin sürücüsü və maşında olan dörd nəfər marketə oğurluq məqsədilə daxil olduqlarını etiraf ediblər. Onların avtomobilindən və üzərlərindən mağazadan oğurladıqları maddi sübutlar aşkarlanaraq götürülüb. Həmçinin dəstə üzvlərindən saxta üsulla hazırlanan üzərində polisə dəstək yazılan vəsiqələr, müxtəlif şəxslərə aid şəxsiyyət vəsiqələri aşkar edilərək götürülüb.


Araşdırma zamanı saxlanılan şəxslərin əvvəllər məhkum olunmuş Cəlilabad rayon sakinləri Sakit Əkbərov, Əfqan Abıyev, Xızı rayon sakini Fərid Əhmədzadə və yetkinlik yaşına çatmayan daha bir nəfər olduğu müəyyən edilib. Həmçinin dəstə üzvlərinin oğurluğa gedən zaman istifadə etdikləri avtomobilin sürücüsü paytaxt sakini Əliəşrəf Fəttahov da məsuliyyətə cəlb olunub.


Saxlanılan şəxslər ifadələrində "Instagram” sosial şəbəkəsində yaradılan müxtəlif qruplarda tanış olduqlarını və əvvəlcədən razılaşaq paytaxt ərazisində oğurluqlar etdiklərini bildiriblər.


Faktla bağlı əməliyyat-axtarış tədbirləri, həmçinin dəstə üzvlərinin digər əlaqələrinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.


DİN-in Baş Mühafizə İdarəsi əhalini bir daha əmin edir ki, Mühafizə Polisinə etibar edərək müqavilə bağlayan istənilən şəxsin xüsusi mülkiyyəti və obyekti günün istənilən saatında etibarlı şəkildə qorunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti