Xəzər Xəbər

Nazir: Ordumuzda olan ən müasir helikopterlər uzaq məsafədən hədəfi dəqiqliklə vurmağa qadirdir VİDEO

Veb TV | 19:45 • 18 İyun 2019
Nazir: Ordumuzda olan ən müasir helikopterlər uzaq məsafədən hədəfi dəqiqliklə vurmağa qadirdir

Son illər silah arsenalını ən yeni texnikalarla yeniləyən Azərbaycan ordusu hazırda ən müasir idarəetmə sistemlərinin orduda tətbiqi üzərində çalışır və bu proses qısa zamanda yekunlaşacaq. Bunu jurnalistlərə açıqlamasında müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib. Müdafiə naziri artıq bu sahədə infrastrukturun mövcud olduğunu və yaxın illərdə bütün qoşun növlərinin vahid mərkəzdən çevik idarəolunması sahəsində Azərbaycanın dünyanın ən qabaqcıl ölkələrindən birinə çevriləcəyini vurğulayıb.

Müdafiə naziri Ermənistan Müdafiə naziri David Tonoyanın azərbaycanlı əsgərin öldürülməsi ilə bağlı tapşırıq verməsinə də münasibət bildirib. Zakir Həsənov bildirib ki, bu məsələ yoxlanılıb və David Tonoyanın iddialarının yalan olduğu üzə çıxıb. Zakir Həsənov Azərbaycanın Türkiyənin Suriya və İraqda apardığı antiterror əməliyyatları təcrübəsini öyrəndiyini və bunun vacib olduğuna da diqqət çəkib.

Müdafiə naziri Azərbaycanın hərbi hava qüvvələri parkının da yeniləndiyini və bu sahədə Ermənistan ordusunun qüvvələrindən dəfələrlə üstün olduğunu bəyan edib.

Müdafiə naziri Zakir Həsənov orduda hazırda bütün əsas döyüş heyətinin müddətdən artıq hərbi xidmət qulluqçularından ibarət olduğunu və 18 yaşındakı gənclərin ancaq orduda atıcı statusunda saxlanıldığını bildirib. Nazir ordunun əksər hissənin peşəkar hərbçilərdən təşkil olunmasının ordunun döyüş qabiliyyətini də dəfələrlə artırdığına diqqət çəkib.

General-polkovnik Zakir Həsənov hərbçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı da ciddi addımların atıldığını vurğulayıb. Onun sözlərinə görə, dövlət başçısının tapşırığına əsasən, cəbhə bölgələrində qulluq edən hərbçilərin kirayə üçün aldıqları məbləğ yerləşdiyi yerdən asılı olaraq 2-3 dəfə artırılıb. Nazir ordunun 80 faizini təşkil edən və cəbhədə qulluq edən hərbçilərin bu qayğını yüksək qiymətləndirdiyini vurğulayıb. Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin inventarının da yenilənəcəyini və bununla bağlı Avropanın qabaqcıl texnologiyalarına malik ölkələri ilə danışıqlar aparıldığını diqqətə çatdırıb.

Bu arada, Müdafiə Nazirliyi Ermənistan ordusunun guya bu ölkənin əhalisinə "10 min nəfərlik nəhəng təlim" adı ilə təqdim etdiyi təlimin əsl görüntülərini də yayıb. Görüntülərdən görünür ki, təlim meydançasında cəmi bir neçə tank var. Halbuki, Ermənistan Müdafiə Nazirliyi Ağdamın Uzundərə adlanan ərazisindəki təlimlərə 10 min nəfər şəxsi heyətin cəlb olunduğunu açıqlamışdı.

Xəbər lenti