Xəzər Xəbər

Prezident İlham Əliyev iftar mərasimində iştirak edib VİDEO

Veb TV | 18:30 • 24 May 2019
Prezident İlham Əliyev iftar mərasimində iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə müqəddəs ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb. Prezident İlham Əliyev iftar mərasimində iştirak edib.

İftar mərasimi "Qurani-Kərim"dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb

Daha sonra Prezident İlham Əliyev mərasimdə nitq söyləyib. Dövlət başçısı qeyd edib ki, iftar süfrəsində müxtəlif dini icmaların rəhbərlərinin iştirakı dövlət-din münasibətlərinin bariz nümunəsidir. Prezident bildirib ki, dövlət-din münasibətləri hər bir ölkə üçün xüsusi əhəmiyyətə malikdir və Azərbaycanda bu münasibətlər nümunəvi xarakter daşıyır.

Dövlət başçısı söyləyib ki, ulu öndər Heydər Əliyev və Şeyxülislam Allahşükür Paşazadənin dostluğu, bir-birilərinə olan hörməti dövlət-din münasibətlərinin inkişafına çox böyük təsir göstərib. Prezident İlham Əliyev qeyd edib ki, 1993-cü ilə qədər dövlət-din münasibətlərində müəyyən boşluqlar var idi. 1993-cü ildən sonra bu sahədə də bütün istiqamətlər üzrə işlər ən yüksək səviyyədə tənzimlənir. Dövlət başçısı çıxışının davamında ulu öndərin Azərbaycan xalqı qarşısında həyata keçirdiyi xidmətlərdən danışaraq qeyd edib ki, dövlətçiliyin əsaslarının qurulması, Azərbaycanın strateji inkişaf istiqamətlərinin müəyyən edilməsi məhz Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində mümkün olub.

Dövlət başçısı bildirib ki, dünyada vəziyyət gərginləşir, yeni münaqişə ocaqları yaranır, dünyanın gələcəyi ilə bağlı müxtəlif fərziyyələr irəli sürülür. ''Bizim əsas vəzifəmiz Azərbaycanda sabitliyi qorumaq, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq və ölkəmizi mümkün olan risklərdən qorumaqdan ibarətdir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb. Azərbaycan inkişaf yolu ilə gedir. İnkişaf dinamikamız çox müsbətdir. Əminəm ki, gələcək illərdə aparılan dərin islahatlar sayəsində ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək'',- deyə Prezident əlavə edib

Dövlət başçısının sözlərinə görə, İslam dəyərləri milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir və Azərbaycan dünyada İslam mədəniyyətini təbliğ edir. Müsəlman ölkələri ilə ənənəvi dostluq əlaqələrinin olduğunu diqqətə çatdıran dövlət başçısı bunun ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərdən biri olduğunu ifadə edib

Ermənistan-Azərbaycan Dağlıq Qarabag münaqişəsindən danışan Prezident İlham Əliyev qeyd edib ki, münaqişənin həllinin bir yolu var, o da - Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa edilməsidir. Dövlət başçısı həmçinin münaqişə ilə bağlı mövcud olan ikili standartları təndiq edib. Prezidentin sözlərinə görə, dünyanın ali orqanı olan BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edir, bu qətnamələrdə açıq-aydın deyilir ki, erməni silahli qüvvələri işğal edilmiş torpaqlardan çixarılmalıdır və bu qətnamələr icra olunmur. "Münaqişənin həlli üçün biz səylərimizi davam etdirəcəyik. Biz iqtisadi gücümüzü artırırıq, siyasi çəkimiz artır, hərbi baxımdan Azərbaycan bu gün güclü ölkələr sırasındadır. Döyüş meydanında üstünlüyümüzü təmin etmişik. Vaxtilə işğal altına düşmüş torpaqların bir hissəsini azad etmişik. O torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır'',- deyə dövlət başçısı əlavə edib

Çıxışının davamında Prezident İlham Əliyev qeyd edib ki, ölkəmizdə dinlərarasi münasibətlər ən yüksək səviyyədə tənzimlənir. ''Bu, artıq reallıqdır. Bütün dünya bu reallıqları bilir və qəbul edir. Bu gün Azərbaycan dünya miqyasında dinlərarası dialoqun aparılması üçün bir mərkəzə çevrilib. Təsadüfi deyil ki, çoxsaylı beynəlxalq tədbirlər məhz bizim təşəbbüsümüzlə ölkəmizdə keçirilir. Bu il Dünya Dini Liderlərinin II Zirvə Görüşü keçiriləcək .Əminəm ki, Azərbaycan müasir, öz dini, milli köklərinə bağlı olan ölkə, eyni zamanda, tolerant və multikultural dəyərləri təbliğ edən dövlət kimi öz realliqlarını dünyaya bir daha təqdim edəcək'',- deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlər həm ölkəmiz, həm daxildə gedən proseslər, həm də dünya üçün böyük məna daşıyır. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri mehribanlıq, əmin-amanlıq şəraitində yaşayır və bizim gücümüz birliyimizdədir. Dövlət başçsının sözlərinə görə, bu tədbirlərin dünya üçün də böyük əhəmiyyəti var. Çünki bu gün dünyada dinlərarası münasibətlərlə bağlı birmənalı yanaşma yoxdur. Bu mənada Mədəniyyətlərarası Dialoq Forumundan danışan Prezident İlham Əliyev qeyd edib ki, forum çərçivəsində çox önəmli məsələlər müzakirə edilib və Azərbaycanın bu sahədəki müsbət rolu bir daha qeyd olunub. ''Biz istəyirik ki, dünyada proseslər müsbət məcrada getsin, dini, milli zəmində qarşıdurma olmasın, sülh olsun, bərabərlik olsun, ədalət olsun. Müqəddəs İslam dinimiz bunu tələb edir və biz dövlət olaraq bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik. Ölkəmizin dayanıqlı inkişafi təmin olunacaq, ölkə qarşısında duran vəzifələr icra edilir və ediləcək. Bu gün Azərbaycan reallıqları belədir ki, ölkəmiz inamla, nikbinliklə irəliyə gedir. Ölkə qarşısında duran bütün problemlərin həlli üçün bizdə həm güclü siyasi iradə, həm də cəmiyyət tərəfindən böyük dəstək var,'' - deyə dövlət başçısı vurğulayıb.

Mərasimdə Qafqaz Müsəlmanları idarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, eləcə də digər dini icmaların rəhbərləri çıxış edıblər.

Bütün çıxışlardan sonra iftar süfrəsi açılıb.

Xəbər lenti