Xəzər Xəbər

Bakıda Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans işə başlayıb - VİDEO

Veb TV | 19:35 • 15 Aprel 2019
Bakıda Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans işə başlayıb -

"Narkotiklərin qanunsuz dövriyyəsi həm də terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər törədir. Azərbaycan bu bəlanın ölkəmizdə yayılmasına qarşı qətiyyətli mövqe nümayiş etdirir, narkotiklə mübarizəni prioritet istiqamət kimi müəyyən edib, bu sahədə müvafiq beynəlxalq konvensiyalara qoşulub''.

Xezerxeber.az-ın məlumatına görə, bunu baş nazir Novruz Məmmədov Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda çıxışı zaman deyib.

Novruz Məmmədov vurğulayıb ki, son 5 il ərzində Azərbaycanda 8 ton 354 kq. narkotik vasitə dövriyyədən çıxarılıb. Baş nazir, həmçinin qeyd edib ki, 25 ildən çoxdur Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonunun erməni işğalı altında olması bu ərazidə narkotiklərin qanunsuz dövriyyəsi üçün əlverişli şərait yaradır.

Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov isə ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 3 dövlət proqramının uğurla icra edildiyini xatırladıb. O qeyd edib ki, Azərbaycanda iqtisadi inkişafın yüksəlməsi yükdaşımların artmasına səbəb olub. Belə olan halda narkomafiya bundan istifadəyə cəhd edir. Əli Həsənov işğal edilmiş ərazilərdə ermənilərin narkomaniya və narkotik qaçaqmalçılığının geniş yayılmasına şərait yaratdıqlarını da vurğulayıb.

Əli Həsənov bildirib ki, bu faktla bağlı sənədlər BMT-nin Vyana ofisinə təqdim olunub, monitorinq qrupu yaradılıb, lakin Ermənistan həmin qrupu işğal etdiyi ərazilərə buraxmayıb.

Daha sonra çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev narkotik qaçaqmalçılığına qarşı ciddi mübarizənin aparıldığını vurğulayıb.

Çıxışlardan sonra konfrans müzakirələrlə öz işini davam etdirib. İki gün davam edəcək beynəlxalq konfrans narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı dünyada mövcud olan müasir mübarizə üsullarindan ölkə mütəxəssislərinin bəhrələnməsinə şərait yaradacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti