Xəzər Xəbər

Azərbaycanda illərin sınağından çıxmış adətin sirri VİDEO

Veb TV | 16:49 • 20 Mart 2019
Azərbaycanda illərin sınağından çıxmış adətin sirri

Cənub bölgəsində sonuncu çərşənbə əvvəlkilərə nisbətən daha təmtəraqla qeyd olunur. İlaxır çərşənbənin səhəri qeyd olunan adət-ənənələrdən biri də çay üstünə getməkdir.

Bu il İlaxır çərşənbə ilə Novruz bayramının eyni günə düşməsi Lənkəran sakinlərinin bayram əhval-ruhiyyəsini bir qədər də artırıb.

Hər il olduğu kimi bu il də Lənkəran çayının sahilində xoş, gözəl bir abu-hava var idi. Səhər tezdən sakinlər ailə üzvləri ilə birlikdə axar su üstünə, çay başına gəlib, əmin-əmanlıqları üçün dua etdilər.

Çay kənarında qohumlar, tanışlar, dostlar hal-əhval tutub, bir-birlərinin bayramlarını təbrik ediblər. Bu vaxt adətə görə insanlar suya niyyətlərini deyir, dərd-qəmlərinin isə çay vasitəsi ilə axıb getməsini arzulayırlar.

Yerli sakinlərin su üstünə gəlmələrini müxtəlif cür izah edirlər. Suyun həyat olduğunu, susuz yaşamağın mümkün olmadığını və suyun pak olduğunu bildirən sakinlər çaydan xüsusi qablar vasitəsi ilə su götürür ki, buna da "lal su” deyirlər. Çünki adətən suyu bardağa doldurduqdan evə çatanda kimi həmin şəxs yolboyu heç kim ilə danışmamalıdır.

Yalnız evə, otaqlara bu sudan səpdikdən sonra niyyət edilir, xeyir-dua verilir. Deyilənə görə, həmin dualar mütləq yerinə yetir.

Qeyd edək ki, illərin sınağından çıxmış bu adət-ənənə gün boyu davam edir.

Xəbər lenti