Xəzər Xəbər

Əmlak Xidmətləri Məkanına info-tur təşkil edilib VİDEO

Veb TV | 19:01 • 12 Fevral 2019
Əmlak Xidmətləri Məkanına info-tur təşkil edilib

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) təşkilatçılığı ilə fevralın 12-də "Əmlak Xidmətləri Məkanı ictimaiyyət nümayəndələri və medianın gözü ilə” adlı info-tur və açıq qapı günü keçirilib. Vətəndaşlara göstərilən xidmətlər əyani olaraq nümayiş etdirilib, prosedurlar izah olunub, iştirakçıların göstərilən xidmətlərlə bağlı sualları cavablandırılıb.

XəzərXəbər xəbər verir ki, tədbirin məqsədi komitənin göstərdiyi bütün xidmətlərin beynəlxalq standartlar əsasında vətəndaşlara vahid məkandan təqdim edilməsi, tətbiq olunan yeniliklər və elektron idarəetmə mexanizmi ilə ictimaiyyətin, QHT nümayəndələrinin, jurnalistlərin, ekspertlərin tanışlığı və onların məlumatlandırılması olub. Əmlak idarəçiliyi sahəsində, o cümlədən özəlləşmə, torpaq, kadastr, ünvan və qeydiyyatla əlaqədar göstərilən funksional xidmətlərin əlçatanlığının nümayişi tədbirin əsas vəzifələrindəndir.

İnfo-tur çərçivəsində ictimaiyyət nümayəndələri və jurnalistlər ilk dəfə olaraq burada baş tutan hərracın keçirilmə zalında olublar. Qeyd edilib ki, virtual özəlləşmə prinsipini reallaşdıran elektron hərrac sistemi vasitəsilə istənilən investor ölkədə və ya xaricdə olmasından asılı olmayaraq sifariş verdiyi əmlakı hərrac günü onlayn olaraq özəlləşdirə bilir. Komitənin elektron xidmətlər portalı üzərindən qeydiyyatdan keçmədən özəlləşdirmə hərraclarını onlayn rejimdə izləmək imkanı da mövcuddur. İnvestorlar isə özəlləşməyə çıxarılan əmlaklarla bağlı bütün məlumatları "Özəlləşdirilmə portalı” vasitəsilə əldə edir. Portalda hərracları canlı izləmək, habelə prosesə onlayn qatılaraq özəlləşmədə iştirak etmək mümkündür.

Daha sonra media nümayəndələri keçirilən real hərracı canlı olaraq izləyib. Budəfəki hərracda 30 əmlaka 36 sifariş verilib.

Hərracdan sonra tədbir iştirakçıları Əmlak Xidmətləri Məkanının (ƏXM) fəaliyyəti ilə tanış olub. ƏXM-da ümumilikdə komitənin fəaliyyət sahələrinə uyğun 46 xidmət vətəndaşa daha operativ göstərilməklə onların işini sadələşdirir. Vətəndaşlar torpaq və qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, əmlakın özəlləşdirilməsi, qiymətləndirilməsi, daşınmaz əmlakla bağlı alqı-satqı əməliyyatlarının birbaşa həyata keçirilməsi, kadastr və yerquruluşu planlarının hazırlanması, o cümlədən daşınmaz əmlak və ünvan reyestri ilə bağlı arayışların verilməsi xidmətlərindən yararlana bilərlər. Həmçinin daşınmaz əmlakın, yəni torpaqların, fərdi yaşayış sahələrinin və qeyri-yaşayış sahələrinin qeydiyyatını aparmaq imkanı var. Bununla yanaşı, ƏXM-da notarius, bank, memarlıq və layihələndirmə işləri, əmlakın sığortalanması xidmətləri də həyata keçirilir.

Qeyd olunub ki, məkanda gün ərzində orta hesabla 1000-dək vətəndaş müxtəlif əməliyyatlardan istifadə edir. Yüksək ixtisaslı 100-ə yaxın işçi həftənin bütün günləri (şənbə və bazar günləri daxil) məkana üz tutan insanların xidmətindədir. Qısa müddətdir fəaliyyətə başlamasına baxmayaraq ƏXM-a 20 mindən çox müraciət daxil olub. Gələcəkdə isə məkan arealını genişləndirməklə Gəncə-Qazax, Quba-Xaçmaz, Şirvan, Cənub bölgələrini əhatə edəcək.

Binada könüllülər masası yaradılıb və onların xidmətlərindən də istifadə olunur. Vətəndaşların məlumatlı olması üçün informativ monitorlar, tablolar da quraşdırılıb. Xidmətdən yararlanmaq üçün elektron növbəlilik prinsipi həyata keçirilir. Hər hansı bir əməliyyatı yerinə yetirmək istəyən vətəndaş sıra nömrəsini monitorlarda görə bilir. BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq binada əlillərin sərbəst hərəkəti üçün də bütün şərait var.

Tədbir iştirakçıları bəzi xidmətlərin, elektron informasiya sistemlərinin iş prinsipi ilə əyani tanış olub. Bildirilib ki, bina müasir İKT avadanlığı ilə təchiz edilib. Elektron idarəetmə sistemini həyata keçirən qurğular vasitəsilə xidmətlər daha dəqiq, proseduralar sürətli yerinə yetirilir. Daşınmaz əmlakın qeydiyyatı üzrə ödənilən xidmət haqqının və dövlət rüsumunun öyrənilməsi ilə bağlı "Əmlak kalkulyatoru” və "Elektron çıxarışın yoxlanması” kimi vətəndaşlara maraqlı olan digər elektron xidmətlər monitorda nümayiş edilib. Qeyd edilib ki, "Elektron çıxarış” sisteminin istifadəsi ilə vətəndaş-məmur ünsiyyəti olmadan, "virtual əl” prinsipi ilə çıxarışlar əldə olunur.

Məkanda xidmət haqqının və dövlət rüsumunun ödənilməsi üçün terminallar da quraşdırılıb. Ünvan məsələləri ilə bağlı bütün göstəriciləri bir virtual platformada cəmləşdirən "Ünvan portalı”nın da iş mexanizmi nümayiş olunub. Bildirilib ki, vətəndaşlar, dövlət qurumları və hüquqi şəxslər ünvanlarla bağlı rəqəmsal şəkildə toplanmış bütün məlumatları rəsmi, fasiləsiz və çevik qaydada portaldan əldə edə bilirlər.

Bundan əlavə, "Kadastr kalkulyatoru” xidmətinin üstünlükləri izah olunub. Bu xidmətlə vətəndaşlar, fiziki və hüquqi şəxslər əmlakla bağlı kadastra dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablaya bilirlər. İnzibati binada uşaq oyun sahəsi, kafe, kitabxana da fəaliyyət göstərir. Bununla yanaşı, 1909-2018-ci illərdə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını özündə əks etdirən sənədlərə dair arxiv guşəsi yaradılıb.

Xəbər lenti